Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2021 17:25
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfrans keçirilib

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda konfrans keçirilib

Oktyabrın 8-də AMEA-nın Əsas binasında akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransa Azərbaycan, Misir, Küveyt, Özbəkistan, İordaniya, Pakistan və İraqdan alimlər qatılıblar.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq 2021-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb, bununla əlaqədar Akademiyada görkəmli ədibə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyib. Akademik İ.Həbibbəyli alimlərimizin xaricdəki bir sıra konfranslarda, o cümlədən respublika telekanallarında, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb, bu il AMEA-da Nizamiyə həsr olunmuş 21 kitabın işıq üzü gördüyünü, daha 15-ə yaxın kitabın hazırda çapda olduğunu bildirib. Nizamini dünya ədəbiyyatının Günəşi, Azərbaycan xalqının milli iftixarı adlandıran İ.Həbibbəyli dahi Azərbaycan şairinin yaradıcılığının müstəqillik, azərbaycançılıq idealları əsasında xalqa yenidən çatdırılmasının vacibliyini qeyd edib.

Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında rəhbərlik etdiyi müəssisədə Nizami Gəncəvinin yaradıcılığına dair aparılan tədqiqatlardan, nəşr edilən və çapda olan kitablardan, keçirilən elmi seminarlardan bəhs edib. Tədbirdə “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması (görkəmli alim, akademik Ziya Bünyadovun əsərləri əsasında)” mövzusunda məruzə edən G.Baxşəliyeva bir sıra xarici dairələrdə Nizaminin etnik mənsubiyyəti ilə bağlı yanlış fikirlər irəli sürülməsinə diqqəti çəkərək, dahi şairin azərbaycanlı olmasını hər kəsə sübut etməyin alimlərimizin borcu olduğunu bildirib. G.Baxşəliyeva məruzəsində akademik Ziya Bünyadovun əsərlərində Gəncənin XII əsrdə etnik tərkibinə kifayət qədər aydınlıq gətirildiyini qeyd edərək, bu ərazilərdə türk qəbilələrinin çox qədimdən yaşadığına dair tarixi mənbələrdə tutarlı faktların olduğunu söyləyib.

Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, f.e.d., professor Mehdi Kazımov “XIV-XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)” mövzusunda məruzə edib. M.Kazımov Nizamiyə orta əsrlərdə çoxsaylı nəzirələrin yazıldığını, lakin bütöv “Xəmsə”yə yazılan nəzirələrin az olduğunu qeyd edərək, belələrinin sırasında Əlişir Nəvai, Əbdürrəhman Cami kimi görkəmli şairlərin olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan şairlərindən Cəmali Təbrizi və Əşrəf Marağayi “Xəmsə”yə nəzirə yazıb. M.Kazımov məruzəsində Azərbaycan ədəbiyyatı tarixində zaman baxımından Nizami Gəncəvinin “Xəmsə”sinə ilk nəzirə yazan Cəmali Təbrizi barədə ətraflı danışıb.

Daha sonra f.e.d., professor İmamverdi Həmidov “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, f.e.d., professor Elman Quliyev “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, f.e.d. Almaz Ülvi Binnətova “Dünya ədəbiyyatının Nizami Gəncəvisi”, f.ü.f.d., dosent Səadət Şıxıyeva “Divan ədəbiyyatında “Məxzənül-əsrar”a müraciətin şəkilləri” mövzularında məruzələr ediblər.

Tədbirdə özbəkistanlı alim, t.ü.f.d., dosent Vera Muxamedcanovanın “Nizami və Nəvai – Azərbaycan və özbək xalqlarının yüzillik tarixində iki şəxsiyyət” və pakistanlı alim, professor Almaz Xanımın “Nizami Gəncəvinin Pakistan ədəbiyyatına təsiri: urdu və digər dillərin nümunəsində” mövzusunda çıxışlarının videoyazısı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirib. Xarici iştirakçılar konfransa onlayn formada qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: