Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2021 17:25
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə olunub

Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsində 2021-ci ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat yığıncağı olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası giriş sözü ilə açaraq cari ilin doqquz ayı ərzində yerinə yetirilən işlərdən, qazanılan elmi nəticələrdən bəhs edib. Ötən ilin müvafiq dövrü ilə hazırkı göstəriciləri müqayisə edən bölmə rəhbəri əsərlərin kəmiyyət və keyfiyyət göstəricilərində diqqət yetirilməli məqamlardan söz açıb, müvafiq tapşırıqlar verib.

Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov yığıncaqda bölmənin cari ilin doqquz ayı ərzində göstərdiyi elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Naxçıvan Bölməsi hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb. Elmi tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 50 fəlsəfə doktoru, 30 doktorant və dissertantın iştirakı ilə davam etdirilib.

Bölmədə kadr potensialının artırılması sahəsində əldə olunan nəticələrə nəzər salan məruzəçi bildirib ki, hesabat dövründə bölmənin bir əməkdaşı elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, digər bir əməkdaşın elmlər doktorluğu dissertasiyası seminardan keçərək müdafiəyə buraxılıb. Bölmənin Dissertasiya Şurasında 2 fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi uğurla həyata keçirilib, 4 tədqiqatçının fəlsəfə doktorluğu dissertasiyası seminar müzakirəsindən keçərək müdafiəyə buraxılıb.

Vurğulanıb ki, cari ilin 3 rübü ərzində bölmə əməkdaşlarının 11 monoqrafiya, 5 kitab, 1 kitabça, 2 metodik vəsait, 286 elmi məqalə, 152 konfrans materialı, 3 tezis olmaqla 460 elmi əsəri çap olunub, 3 buklet və 1 xəritə tərtib edilib. Əsərlərdən 3 monoqrafiya, 59 məqalə, 63 konfrans materialı, 2 tezis xaricdə nəşr olunub. Qeyd olunan dövr ərzində bölmə əməkdaşlarının 37 məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub, bunlardan 12-si “Clarivate Analytics” indekslidir. Tədqiqatçıların əsərlərinə 794 istinad qeydə alınıb, iki beynəlxalq səviyyəli qrant layihəsinin icrası uğurla davam etdirilib. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 3 nömrəsi nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılıb, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə əlaqədar elmi məqalələr hazırlanaraq sistemləşdirilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərini əks etdirən xəritələr tərtib olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən “Elmi əsərlər” jurnalının Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş xüsusi nömrəsi çapa hazırlanıb. “Şərq qapısı” qəzetinin fəaliyyətinin 100 illiyi münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Tədbirlər planına uyğun olaraq hazırlanan kitab üçün məqalələr işlənməkdədir.

Orxan Bağırov məruzəsində 21 sentyabr 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə müəyyənləşdirilən vəzifələr və tapşırıqlar haqqında ətraflı məlumat verib, nəzərdə tutulan fəaliyyət planı ilə bağlı dinləyiciləri məlumatlandırıb.

UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verən məruzəçi söyləyib ki, geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi davam etdirilib, geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Tədqiqatçı bölmədə həyata keçirilən tətbiq yönümlü işlər haqqında da məlumat verib. O bildirib ki, hesabat dövründə bölmə əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın bir ixtirası patent alıb, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin bir sənaye nümunəsinə və aqrar elmləri doktoru, dosent Varis Quliyevin yaratdığı 7 yeni üzüm sortuna patent və müəlliflik şəhadətnamələri verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin istehsal olunan məhsul çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icra vəziyyəti ilə bağlı məlumat verən O.Bağırov bildirib ki, bu məqsədlə Biokimyəvi tədqiqatlar laboratoriyasının Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tingləri əkilib. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilib, Biokimyəvi tədqiqatlar laboratoriyasında 120 litrə qədər gülab, alma sirkəsi, ərik, albalı, yemişandan hazırlanan kompot və şirələr, tut, qoz, ərik, albalı, gilas, gül mürəbbələri istehsal edilib. Gələcəkdə istehsal olunacaq daha keyfiyyətli məhsullar üçün bölmənin Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazisində yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparılıb.

Ötən doqquz ay ərzində Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli elmi əməkdaşlıq edib, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, Türk Tarix Qurumu ilə aparılan müzakirələr nəticəsində iki qurum arasında elmi əməkdaşlığa dair razılıq əldə olunub. Bölmədə 1 beynəlxalq, 1 respublika, 4 muxtar respublika, 12 bölmə səviyyəli elmi konfrans, 9 tədbir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA-nın Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, laboratoriya məşğələləri və digər tədbirlər keçirilib, elmi dərəcəsi olan 45 əməkdaş muxtar respublikanın 26 ümumtəhsil məktəbində nümunəvi dərslər tədris ediblər. Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri bölmə alimləri tərəfindən hamiliyə götürülərək, tədqiqatlara cəlb olunaraq uğurlu nəticələr əldə ediblər.

Sonda hesabat qənaətbəxş hesab olunaraq qəbul edilib, iclas iştirakçılarının sualları cavablandırılıb, bölmənin gələcək səmərəli fəaliyyəti üçün irəli sürülən təkliflər dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: