Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2021 15:22
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçirilib

Aşqarlar Kimyası İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçirilib

Bu gün AMEA-nın Aşqarlar Kimyası İnstitutunda dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan onlayn seminar keçirilib.

Tədbiri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev açaraq 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb: “Dövlət başçısının müvafiq Sərəncamından irəli gələrək AR Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər planı hazırlayıb və digər aidiyyəti qurumlar kimi, AMEA və onun tədqiqat institutları qarşısında bu məsələ ilə əlaqədar konfransların, maarifləndirmə seminarlarının keçirilməsi, kitabların nəşri və s. tapşırığını qoyub. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğu üçün elmi istiqamətindən, humanitar-ictimai və ya dəqiq-təbiət elmlərin təmsilçilərindən asılı olmayaraq, hər bir müəssisə və orada çalışan alimlər dahi şəxsiyyəti yad etməli, onun həyat və yaradıcılığı ilə bağlı maariflənməli və əsərlərini təbliğ-təşviq etməlidir”.

Sonra məruzuçi kimi dəvət olunmuş AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları -  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova ““Xosrov və Şirin” poemasında Azərbaycan Atabəyləri” mövzularında məruzə ediblər. Bildirilib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib: “Ailə şəcərəsinin tədqiqindən də məlum olur ki, Nizami Gəncəvi fars və ərəb dilində yazıb-yaratsa da, əsl türk oğlu, türk şairi olub və öz əsərlərində də bu məqamı vurğulayıb”.

Məruzəçilər ölkəmizdə, o cümlədən Ədəbiyyat İnstitutunda dahi şairin sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyünü, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətninin hazırlandığını, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyini söyləyiblər. Vurğulanıb ki, yubileylə əlaqədar geniş həcmdə yeni monoqrafiya hazırlanaraq çap ediləcək.

Sonda tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: