Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Abdulla Yasim Əl-Şəmsi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
İlk olaraq qonaq kitabxananın sərgi, oxu zalları, MEK-in nadir kitablar və şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər və ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub.
Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, kitabxananın məqsədi ölkədə müasir, açıq kitabxana-informasiya sistemini yaratmaq və bu sistem vasitəsilə Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.
Görüşdə dünya elm nümunələrinin BƏƏ-nin kitabxana fondları ilə MEK arasında mübadiləsinin təşkili, “Milli Rəqəmsal Yaddaş” bazası üçün Azərbaycanla bağlı məlumatların əldə edilməsi və digər təklif olunan istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə edilib. L.İmanova müzakirə olunan məsələlərin həyata keçirilməsində, həmçinin BƏƏ-nin kitabxana və arxiv sisteminə daxil olan müəssisələrlə münasibətləri tənzimləyən əməkdaşlıq memorandumunun imzalanmasında səfirliyin vasitəçi kimi iştirak etməsi üçün müraciət edib.
MEK direktorunun informasiya texnologiyaları üzrə müavini Ruzi Məmmədov kitabxananın fondunda saxlanılan ərəb dilində nadir nüsxəli kitablar haqqında məlumat verib. Bildirilib ki, hazırda MEK-də 12.500 ərəbdilli resurs var. Görüşdə onların rəqəmsallaşdırılmasını təmin etmək və nüsxələrinin BƏƏ-nin elmi kitabxanalarına göndərilməsi məsələsinə də toxunulub. MEK-də ərəb tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanması məqsədilə səfirliklə birgə işin təşkili, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-mədəni tədbirlərin keçirilməsi və gələcəkdə əməkdaşlıq memorandumuna daxil edilməsi vacib hesab olunan fəaliyyətlər və bu sənədin imzalanması barədə təkliflər səsləndirilib.
Görüşdən məmnunluğunu ifadə edən Abdulla Yasim Əl-Şəmsi MEK-in yeni binasının interyerini, müasir avadanlıq və sistemlərlə tərtibatını yüksək qiymətləndirib. O, əməkdaşlıq münasibətlərinin inkişafı məqsədi ilə əməli tədbirləri həyata keçirməyin vacibliyini vurğulayıb. Abdulla Yasim Əl-Şəmsi hər iki ölkənin elm və mədəniyyət cəmiyyətləri arasındakı dostluq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Sonda qonaq BƏƏ-nin araşdırma mərkəzlərinin 40 illik tədqiqatları nəticəsində ərsəyə gələn, ölkəsinin tarixini, elmini və mədəniyyətini əks etdirən kitabları MEK-ə hədiyyə edib.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>