Hər birimizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin qanunvericiliyinin ana özəyini təşkil edir. O, daxili, iqtisadi və siyasi proseslərin reallıqları və perspektivləri ilə yanaşı, həm də ölkəmizin qlobal birliyə inteqrasiyasına əsaslanır.
Azərbaycan Konstitusiyası ölkəmizdə ədalət, azadlıq və təhlükəsizlik, Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiqliyini, sülh, təhlükəsizlik və digər xalqlarla dostluq prinsipləri üzərində yaşamasını bəyan edir.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin “Day.Az” Media Şirkətinin “news.day.az” xəbər portalında yayımlanan “Qarabağ münaqişəsi nümunəsində beynəlxalq hüququn məcburetmə mexanizmi məsələləri” (“Вопросы механизма принуждения в международном праве на примере Карабахского конфликта”) adlı məqaləsində yer alıb.
Aytən Mustafazadə məqalədə “Xüsusilə bir faktı vurğulamaq lazımdır ki, dövlətimiz 200-dən çox beynəlxalq müqaviləyə qoşulub və bu müqavilələr Azərbaycanın qanunvericilik sisteminin ayrılmaz hissəsinə çevrilib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya normaları ölkənin çoxkonfesiyalı və çoxmillətli olduğunu nəzərə alaraq, dinə və milliyyətə münasibətindən asılı olmayaraq vətəndaşların bərabərliyini elan edir”, – deyə vurğulayıb.
Müəllif məqalədə, həmçinin ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarının tarixi köklərini də xatırladıb. Ərazilərimizin 20%-nin erməni qəsbkarları tərəfindən 30 ilə yaxın işğal altında saxlandığında ATƏT-in Minsk qrupunun ikili standartları özündə ehtiva edən yarıtmaz fəaliyyətinə toxunub.
A.Mustafazadə bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda olan çıxışında “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır” fikirlərini xatırladıb. O, münaqişənin həlli istiqamətində dünya birliyinin, beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyini tarixi faktlara söykənərək şərh edib.
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.