Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2021 11:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada Nizamiyə həsr olunmuş tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Rusiyada Nizamiyə həsr olunmuş tədbirdə iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (EIDA) və “Literaturnaya qazeta” Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Rusiya və Azərbaycanın mədəni ənənələrinin humanist ideyaları və müasir çağırışlar” (“Гуманистические идеи культурных традиций России и Азербайджана и вызовы современности”) adlı beynəlxalq tədbirdə məruzə ediblər. 

Akademik Teymur Kərimli “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi” (“Демократизм Низами Гянджеви как качественно новое явление в классической мировой литературе”) adlı məruzə ilə çıxış edib.O, Nizami Gəncəvinin əsərlərinin yenilikçi və təkrarolunmaz tərzi ilə seçildiyini, onun demokratikliyinin sələflərinə nisbətən daha sistematik olduğunu bildirib, dahi şairin əsərlərindəki bədii yaradıcılıq metodunun zamanında oxucu üçün qeyri-adi və psixoloji cəhətdən keyfiyyətcə yeni olduğunu əsaslandırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Şərqin parlaq günəşi, yaxud böyük humanist Nizami Gəncəvi” (“Сияющее солнце Bостока или великий гуманист Низами Гянджеви”) adlı məruzəsində şairin XII əsr Şərq intibahının görkəmli nümayəndəsi, ensiklopedik intellektə malik şəxsiyyət olduğunu qeyd edib, dahi sənətkarın “Xəmsə”sini humanizm və insanlığın ensiklopediyası adlandırıb. Bildirib ki, Nizami nəinki Azərbaycanın və bütün müsəlman Şərqinin, eyni zamanda bütün dünyanın nadir zəka sahiblərindən biridir, onun sülh və tərəqqiyə çağıran qiymətli mirası isə bəşəriyyət üçün zəngin həyat məktəbidir.

Dəyirmi masada, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) sədri Elçin Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri, professor Abuzər Bağırov, “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, Rus Ədəbi Cəmiyyətinin sədri Aleksandr Çistakov, “Xudojestvennaya literatura” nəşriyyatının direktoru Qeorqiy Pryaxin və şair Danil Fayzov da çıxış edib.

Humanizm və digər mənəvi dəyərlərin Rusiya və Azərbaycandakı müasir ictimai münasibətlərə təsirinin öyrənilməsinə, postmodern dövrdə bu ənənələrin qorunub saxlanılması və inkişafına dair təcrübə mübadiləsinə yönəlmiş tədbir Azərbaycan musiqiçilərinin konserti ilə davam edib. Konsertdə dahi Nizaminin şeirlərinə bəstələnmiş musiqi nümunələri ilə yanaşı, şairin əsərlərinin müasir dövrdə rus dilinə edilmiş tərcümələrindən bəziləri də səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: