AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası və Rusiya Kitabxanaları Assosiasiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilən “Библиотечная наука в XXI веке: содержание, организация, цифровизация и наукометрия” beynəlxalq konfransda iştirak ediblər.
Azərbaycanla yanaşı, ABŞ, İsveçrə, Almaniya, Belarusiya, Qazaxıstan, Rusiya və digər ölkələrin nümayəndələrinin iştirakı ilə baş tutan beynəlxalq konfransın məqsədi, kitabxana sahəsinin öyrənilməsini stimullaşdıran amilləri müəyyən etmək, kitabxana elminin səmərəliliyinin təşkili və qiymətləndirilməsi, elmi fəaliyyətin rəqəmsallaşdırılması sahəsində innovativ təcrübə mübadiləsini mənimsəmək olub.
MEK-in icraçı direktoru, dosent Şəhla Quliyeva təmsil etdiyi kitabxananın tarixi, mövcud olan problemin izahı karantin vaxtı oxucularla iş, biblioqrafiya və biblioloji tədqiqatların prioritet sahələri, nəşriyyatlarla əlaqələri, müəlliflər tərəfindən təqdim olunan ədəbiyyatların qəbulu, sənədləşdirilməsi, kitabxana-müəllif münasibətlərinin aktual problemi olan “Müəllif müqaviləsi” haqqında məlumat verib, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları fondu” barədə iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, onlayn və canlı şəkildə çıxışlar zamanı, kitabxana işində yeniliklərlə yanaşı elmi-tədqiqatlardan danışılıb, elmi fəaliyyətin qiymətləndirilməsinin müasir üsulları, kitabxana elmində rəqəmsal texnologiyalar, yüksəkixtisaslı kadr hazırlığı və kitabxana sisteminin problemləri yolunun axtarılması sahələri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.