Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2021 16:24
  • A-
  • A
  • A+

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu MEK-də olublar

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu MEK-də olublar

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti - sədr müavini Mixail Korb, qrupun üzvi Erki Saavisar və Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Həmçinin Estoniya kitabxanaları ilə kitabxanalararası mübadilə və bu istiqamətdə geniş əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra qonaqlar MEK-in sərgi salonunda nümayiş edilən, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət daimi sərgilərlə, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və xalq yazıçısı Mirzə İbrahimovun doğum günü ilə əlaqədar təqdim olunan kitablarla tanış olublar.

Daha sonra MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib. Baş direktor, professor Məmməd Əliyev nümayəndə heyətini fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoları, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, eləcə də Azərbaycan Respublikasının xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi haqqında ətraflı məlumatlandırıb, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsinin, ölkəmizin hər yerində olduğu kimi, MEK-də də əziz tutulduğunu qeyd edib.

Qonaqlar yüksək səviyyədə təşkil olunan görüşə və qonaqpərvərliyə görə təşəkkür edərək, kitabxana haqqında müsbət fikirlər səsləndirib, xoş təəssüratlarını bölüşüblər.

Sonda qonaqlara MEK tərəfindən dəyərli nəşrlər təqdim olunub, xatirə şəkilləri çəkilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: