Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 17:24
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri Daşkənddə Nizamiyə həsr olunmuş beynəlxalq elmi konfransda məruzə ediblər

Əlyazmalar İnstitutunun alimləri Daşkənddə Nizamiyə həsr olunmuş beynəlxalq elmi konfransda məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində təşkil olunan “Ruhi-mənəvi körpülər: Nizamidən Nəvaiyə” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.

Əvvəlcə akademik Teymur Kərimli universitetin rektoru, filologiya elmləri namizədi, dosent Gülçöhrə Rixsiyeva ilə görüşüb. Akademik rəhbərlik etdiyi institutun Özbəkistanda fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələri ilə əməkdaşlıq ənənələri haqqında rektora məlumat verib. Sonra hər iki təşkilatın rəhbəri gələcək əməkdaşlıq perspektivləri haqqında müzakirə aparıblar. Görüşdə Əlyazmalar İnstitutunda Nizamişünaslıq sahəsində aparılan elmi araşdırmaların yekunu olan ən yeni kitablardan bir neçəsi Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanasına hədiyyə edilib.

Daha sonra akademik Teymur Kərimli konfransın plenar iclasında “Nizami demokratizmi dünya ədəbiyyatında keyfiyyətcə yeni hadisədir” mövzusunda, dosent Əzizağa Nəcəfzadə isə bölmə iclasında “Klassik İslam Şərqi ədəbiyyatında insanpərvərlik ənənəsi: Nizami və Nəvai yaradıcılığı kontekstində” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: