Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2021 10:32
  • A-
  • A
  • A+

Tanınmış folklorşünas alimə həsr olunan beynəlxalq konfrans keçirilib

Tanınmış folklorşünas alimə həsr olunan beynəlxalq konfrans keçirilib

AMEA-nın Folklor İnstitutunda “Valeh Hacılar - 70” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Onlayn formatda keçirilən konfransı institutun baş direktoru, akademik Muxtar İmanov açıb. O, konfransın əsas məqsədinin tanınmış elm adamı, pedaqoq, tərcüməçi və şair Valeh Hacıları xatırlatmaq, yada salmaq və anadan olmasının 70 illiyini qeyd etmək, onun işığında bir sıra mətləblərə toxunmaq olduğunu bildirib. Akademik çıxışı zamanı Borçalıda doğulub boya-başa çatan ziyalının Azərbaycan türklüyünün mənəvi varlığı yolunda gördüyü işlərə nəzər salıb, Valeh Hacıların canlı söyləyicilərdən topladığı və ya arxivlərdən əldə etdiyi materiallar əsasında yalnız Azərbaycan folklorunun, Azərbaycan xalq mədəniyyətinin ayrı-ayrı örnəklərinin üzə çıxarmadığını, eyni zamanda çox əhəmiyyətli tarixi faktları, məlumatları ortaya qoyduğunu bildirib.

M.İmanov onun Borçalıda qaçaq hərəkatının əsas xətlərini ortaya çıxaran nadir ziyalılarımızdan biri olduğunu xüsusi vurğulayıb. Alimin Borçalıda milli varlığımızın tanıtımı yollarından biri kimi ayrıca qurum yaratdığını vurğulayan akademik, onun Gürcüstan coğrafiyasında Azərbaycan-türk mədəniyyətinin qonşu xalqlara - gürcülərə, aysorlara, yunanlara göstərdiyi təsirin bütün konturlarını cızdığını, bu xidmətin məhz onun adı ilə bağlı olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev elmi toplantının təşkili üçün Folklor İnstitutuna və onun rəhbərliyinə təşəkkürünü bildirib. O, V.Hacıların önəmli hadisələrlə zəngin həyat yolunun və tariximizin çətin dövrlərinə təsadüf edən yorulmaz elmi fəaliyyətinin dərk edilməsinin müasir tədqiqatçılar üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. Səfir tarixi Borçalı mahalının Darvaz kəndində dünyaya göz açan, bütün ömrü boyu doğma yurd sevgisi ilə yaşayan və vəsiyyəti əsasında həmin kənddə torpağa tapşırılan Valeh Hacıları səciyyələndirməyə iki kəlmənin - vətənpərvər və alim ifadələrinin kifayət etdiyini qeyd edib. Məruzəçi sovet ideologiyasının hakim olduğu dövrdə də alimin Gürcüstanda Azərbaycan sosial-mədəni varlığının araşdırılmasına və Gürcüstanda milli təfəkkürümüzün qorunub saxlanılmasına və inkişafına böyük töhfələr verdiyinə diqqətə çatdırıb. Səfir F.Quliyev çıxışının sonunda V.Hacıların xatirəsinin bir görkəmli alim və ictimai xadim kimi Gürcüstan dövləti və ziyalıları tərəfindən əziz tutulduğunu diqqətə çatdırıb, Azərbaycan-Gürcüstan elmi və mədəni əlaqələrinin inkişafına xidmət edən bu konfransın iştirakçılarına uğurlar arzulayıb.

Konfransda çıxış edən Bursa Uludağ Universitetinin professoru, Beynəlxalq Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar fondunun rəhbəri Cengiz Alyılmaz isə Valeh Hacılar ilə tanışlığının gənclik illərinə təsadüf etdiyini bildirib və alimlə bağlı maraqlı xatirələrdən danışıb. Professor Gürcüstanda qarapapaq, tərəkəmə kimi tanınan Gürcüstan azərbaycanlılarının səsini dünyaya çatdırmaq məqsədilə alimin gördüyü işlərə də nəzər salıb.

Azərbaycan Universitetinin professoru Asif Hacılı da çıxışı zamanı alimlə bağlı xoş təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb. Valeh Hacıların unikal bir şəxsiyyət olduğunu vurğulayan alim onun bütün ömrünü Borçalıya həsr etdiyini, bu qədim yurdu həm öyrəndiyini, həm də öyrətdiyini, bir sözlə, milli amala xidmət etdiyini qeyd edib.

Ərdahan Universitetinin professoru Şurəddin Məmmədli çıxışı zamanı V.Hacılarla 27 illik dostluq münasibətlərindən bəhs edərək, alimlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Valeh Hacıları Borçalının söz, zəka öndəri anlandırıb.

Ərdahan Universitetinin dosenti Gülnarə Qoca-Məmmədli də alimlə bir kafedrada çalışdığı illərdən bəhs edib, onunla bağlı xoş təəssüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu çıxış edərək V.Hacıların yaradıcılığının çoxşaxəli olduğunu qeyd edib. Professor M.Kamaloğlu çıxışı zamanı Gürcüstan tarixində ilk dəfə olaraq 2012-ci ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Gürcüstan əsilli bir azəbaycanlıya - Valeh Hacılara həsr olunmuş böyük bir konfransın keçirildiyini və bu tədbirə dünyanın 10-dan çox ölkəsindən tanınmış elm adamlarının qatıldığını böyük qürurverici hadisə kimi qiymətləndirib. Alim daha sonra onun folklorla bağlı araşdırmalarına, eləcə də Xasta Hasan, Dədə Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Məhəbbət Sadaxlı, Aşıq Aslan Kosalı və s. aşıqlarla bağlı gördüyü işlərə nəzər salıb. M.Kamaloğlu V.Hacıların şeir yaradıcılığına da toxunaraq bildirib ki, onun yazmış olduğu uşaq şeirləri Gürcüstanda nəşr olunan orta məktəb dərsliklərinə salınıb.

Sivas Cümhuriyyət Universitetinin professoru Doğan Kaya isə çıxış edərək V.Hacıların türk dünyası üçün gördüyü işlərin əhəmiyyətindən bəhs edib.

Bursa Uludağ Universitetinin professoru, Valeh Hacılar yaradıcılığının tədqiqatçısı Semra Alyılmaz da məruzə zamanı alimi ötən əsrin 90-cı illərindən tanıdığını vurğulayaraq, onun Gürcüstandakı bütün türklərin hər bir sahədə təmsilçisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Folklor İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri Əli Şamil də söz alaraq alimlə tanışlığının axısqalı Xasta Hasanla başladığını, Valeh Hacıların əzilənlərin, sıxışdırılan və təqiblərə məruz qalanların haqqını hər zaman müdafiə etdiyini vurğulayıb.

Konfransın sonunda tanınmış alim Valeh Hacıların yadigarı, Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin müdiri, tarix elmləri doktoru Fəxri Valehoğlu çıxış edərək konfransın təşkili və atası barədə söylənən xoş sözlərə görə Folklor İnstitutu başda olmaqla bütün görüş iştirakçılarına dərin təşəkkürünü bildirib. Alimin vətənə, yurda, millətə, türkçülüyə bağlı olduğunu bir daha xatırladan F.Valehoğlu onun dost, qardaş xalqlarla da ünsiyyət qura bilməsindən, onların folkloruna dərindən bələdliyindən və bu baxımdan gürcü elmi-ədəbi mühitində qəbul olunduğundan geniş bəhs edib. O, ucqar bir dağ kəndində böyüyüb boya-başa çatan, qısa ömrü çərçivəsində xalq, millət üçün böyük işlər ortaya qoyan, zəngin elmi fəaliyyəti olan istedadlı alimin yaradıcılığına hərtərəfli nəzər yetirdikləri və dəyərləndirdikləri üçün məruzəçilərə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: