AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, texnika elmləri doktoru, dosent Nizami Mürsəlov açaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.
Sonra müəssisənin Neftlərin tədqiqi və yağların alınma texnologiyası, Bioloji aktiv təbii maddələr və Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyalarının 2021-ci ildə apardıqları elmi-tədqiqat işləri, əldə edilən nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də aparıcı elmi işçilərinin məruzələri dinlənilib və müzakirələr aparılıb.
İclasda vurğulanıb ki, cari ildə hər laboratoriyada aparılan elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunub. Belə ki, Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyasında Bakı neftlərindən alınmış vakuum qazoylundan perspektiv tələblərə cavab verən dizel fraksiyası və katalitik krekinq üçün keyfiyyətli xammalın alınması məqsədilə keçid metalları ilə modifikasiya olunmuş yerli alümosilikat katalizatorunun iştirakında hidrokrekinq prosesi işlənib hazırlanıb.
Bioloji aktiv təbii maddələr laboratoriyasında isə Balaxanı yüngül nefti və yasəmən, ardıc bitkilərinin efir yağları əsasında kompozisiyalar alınıb və onların göbələklər, bakteriyalara qarşı yüksək antimikrob təsirə malik olduqları müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.