Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.12.2021 10:58
  • A-
  • A
  • A+

Tələbələrin MEK-ə ekskursiyaları davam edir

Tələbələrin MEK-ə ekskursiyaları davam edir

Azərbaycan Dillər Universitetinin I kurs tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

Ekskursiyaya qeydiyyat şöbəsindən başlayan tələbələri oxucuların qeydiyyatının aparılması ilə yanaşı, oxucu kartlarından və oxu zallarından, kataloq və kartotekalardan istifadə qaydaları, e-kataloqdan sifariş və s. ilə əlaqəli MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova məlumatlandırıb.

Sonra MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nərminə Efendiyeva tələbələri dünya təcrübəsinə əsaslanaraq gündən-günə öz fondunu qiymətli nəşrlərlə daha da zənginləşdirən bu elm məbədinin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb. Tələbələr daimi və müvəqqəti nəşrlərdən ibarət sərgilərin yer aldığı Sərgi salonuna, MEK-in təsis edilməsində əməyi keçən 15 akademikin büstlərindən ibarət qalereyaya baxış keçiriblər. Onlar Azərbaycan kitabxanaları tarixində ilk olan Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların yer aldığı “Qarabağ müharibəsi qəhrəmanları” fondu haqqında geniş informasiya əldə ediblər.

Ekskursiya çərçivəsində tələbələr, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət olan zəngin irsini toplayaraq, yerli və dünya oxucularına təqdim edən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi ilə tanış olublar. Nadir kitablar və qiymətli nəşrlər şöbəsində xüsusi şəraitdə saxlanılan, respublika kitabxanaları arasında ən qədim ədəbiyyatlar və miniatür kitablar,  Akademiklər zalında dünyanın müxtəlif ölkələrindən kitabxanaya hədiyyə edilən nəşrlər tələbələrin diqqətini çəkib.

Ekskursiya zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev tələbələrlə görüşüb. Onlara MEK fondundan nəşrlər hədiyyə edilib, xatirə fotoları çəkilib.

Qeyd edək ki, bu cür ekskursiyaların təşkil edilməsində əsas məqsəd, cəmiyyətdə kitaba olan marağın, dəyərin artırılması, mütaliə mədəniyyətinin formalaşması ilə yanaşı, gənclərin kitabxanalara cəlb edilməsini ənənəvi olaraq aşılamaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: