Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Sonra Fiziologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun “Azərbaycanda akvakultura sahəsinin inkişafının əsas istiqamətləri” mövzusunda məruzəsi dinlənildi. Son illər dünyada su hövzələrində bioresursların, o cümlədən balıq ehtiyatlarının kəskin azaldığını, hətta bəzi növlərin yox olmasının müşahidə edildiyini söyləyən R.Qasımov qeyd etdi ki, bunun əsas səbəbləri dəniz və okean suları və onlara tökülən çaylarda antropogen təsirin artması, bioresursların ovunun düzgün təşkil edilməməsi, qəbul edilən konvensiyalara əməl olunmaması, o cümlədən balıqların çoxalması və nəslin inkişafı üçün şəraitin olmamasıdır. Bildirdi ki, hazırda yer kürəsində ərzaq problemi, ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən məsələlərdəndir.

Zülal mənbələrindən biri olan balıq və balıq məhsullarının son illər ərzində kəskin azaldığını söyləyən məruzəçi bu istiqamətdə alternativ yolların tapılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, bu yollardan ən səmərəlisi balıqların və sənaye əhəmiyyətli su canlılarının akvakultura şəraitində böyüdülməsidir: “Bu sahədə əhəmiyyətli işlər aparılır. Norveç, Danimarka, ABŞ, İzrail, Finlandiya, Kanada, Yaponiya və Çində akvakultura sahəsi həmin ölkələrin balıq və balıq məhsullarına tələbatının 10-25 %-ni təmin edir”.

R.Qasımov Azərbaycanda akvakulturanın inkişafı üçün müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılmasını təklif edərək, onu elmi əsaslarla şərh etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. AMEA-nın müxbir üzvləri Tofiq Məmmədov, Validə Əlizadə, Novruz Quliyev, İlham Ələkbərov və başqaları çıxış edərək, təklif və tövsiyələrini səsləndirdilər. Təqdim olunan məruzənin həm elmi nöqteyi-nəzərdən, həm də ərzaq təhlükəsizliyi baxımından vacibliyini qeyd etdilər.

Tədbirdə Fiziologiya İnstitutunun Elmi Şurasının yeni tərkibi, “Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi” əlyazmasının AMEA-nın 2015-ci il üzrə nəşriyyat tematik planına daxil edilməsi ilə bağlı müzakirələr aparıldı.

İclasda, həmçinin BTEB elmi təşkilatlarında 2012-2014-cü illərdə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: