Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyilə “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilib. Qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar artıq yekunlaşıb.
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılıb. Birinci istiqamət, Göyəzən dağında yer səthindən təqribən 400 m hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiqi olub. İkinci istiqamət, Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılarla kəşfiyyatın aparılması idi.
Birinci istiqamət üzrə Göyəzən qalasında müxtəlif məqsədli iki tədqiqat aparılıb: qalanın sahəsinin ölçülməsi və qalanın inşa dövrünün müəyyən edilməsi. Ölçmələrdən bəlli olub ki, qalanın bürcləri 6 m diametrindədir. Bürclərin mövcud hissələri təqribən 4 m hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17 m, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 m uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu beş bürc də daxil olmaqla 111 m-dir. Bürclər arasında divarların uzunluğu 20-22.5 m arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 m-dir.
Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3x3) kv.m sahəsi olan şurf qoyulub. Qazıntılar zamanı müəyən edilib ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Həmçinin zamanla bürc və divarlardan qopan qaya parçaları da bərkidici daş kütləsini artırırdı. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkarlanıb.
Göyəzən qalasında sovet dönəmində ilkin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova aparıblar. Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqlar SSRİ və dünya elmi çevrələrində guya bu qalanın “qədim ermənilər” tərəfindən inşa edilməsi barədə saxta fikirlər yayıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin qalanın coğrafilokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur.
Cari arxeoloji tədqiqatlar göstərib ki, qalanın özülündə qədim bir bünövrə olmayıb, qala bölgənin İslam dövrü qala inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir.
Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünü nisbətən daha dəqiq müəyyən edəcək radiokarbon analizləri üçün götürülüb. Qalanın ot və torpaq örtüyündən təmizlənməsinə, ərazisində daha geniş arxeoloji tədqiqatların aparılmasına ciddi ehtiyac var.
Qeyd edək ki, qaladan daha 200 m yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olublar. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.
Göyəzən dağının şimal-qərb ətəyində arxeoloji tədqiqatlar şərqdən qərbə tərəf sahələri 25 (5x5) kv.m olan üç kvadratdan ibarət qazıntı sahəsi yaradılıb. 1 saylı kvadratda nəzərə çarpacaq hər hansı bir tapıntı qeydə alınmayıb. 2 saylı kvadratın şərq divarının ortasında başı qərb istiqamətində olmaqla şərqə tərəf beli üzərində uzadılmış skelet aşkarlanıb. Sinəsində əlləri çarpaz qoyulmuş skeletin dəfn istiqamətinə əsasən tabutsuz xristian adəti üzrə dəfnin icra edildiyini bildirmək olar.
3 saylı kvadratda aparılmış tədqiqatlar daha çox nəticələr verib. Kvadrat ərazisində 12 torpaq qəbirdə insan dəfni aşkarlanıb. 9 skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn olunub. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə ona paralel, lakin sağ çanağa doğru istiqamətlənib. Oxşar analogiyalar Azərbaycan ərazisindəki xristian alban abidələrində (Qəbələ, Ağdamdakı Gavurqala, Mingəçevir və s.) aşkar edilib. Stratiqrafik baxımdan dəfnlər alban xristianlığının müxtəlif mərhələlərini əks etdirən orta əsrlərdə icra olunub. Xüsusilə, 3 saylı kvadratın cənub-qərb hissəsində digər qəbirlərdən 30-40 sm dərinlikdə daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn (bel üzərində şimaldan qərbə istiqamətdə, lakin əllərin çarpaz qoyulmadan, böyürlər üzrə uzadılması) qeydə alınıb. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib.
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun bildirdiyinə görə, hazırda Balakən rayonunun Tülü kəndində albanşünas arxeoloq Natiq Alışov tərəfindən aşkar edilmiş alban xristianlarının çoxtəbəqəli nekropolunda da eyni dəfn adətləri izlənilməkdədir. Lakin Tülü kilsəsi ətrafında nekropoldan fərqli olaraq Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş nekropolda dəfn edilmiş xristian albanlar zəngin elitar təbəqəyə aid deyildilər. Bu ərazidə uzunmüddətli alban xristian nekropolunun olması bu yerlərin xristianlıqdan öncə də sakral bir məkan kimi qiymətləndirilməsini göstərir.
Arxeoloq Pərviz Qasımovun ilkin ehtimalına görə, bu ərazidə möhtəşəm alban xristian dini məbədi olub: “Daş qutuda dəfn isə daha erkən alban xristian dövrünə aid dini liderə məxsus idi. Belə ki, torpaq dəfnlərdə yaşlı, gənc və üzəri daş və ağac parçası ilə örtülmüş yeniyetmə (uşaq) qalıqları izlənilir. Mümkündür ki, biz qədim Qazax ərazisində suriyalı xristian missioneri Davidin təbliğatı ilə xristianlığı qəbul etmiş türkdilli sabir/savir ellərində xristianlığın formalaşmasının mərhələlərini göstərən mühüm abidə ilə üzləşmişik. Albanşünas arxeoloq Natiq Alışova görə, İslamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçir. Bu isə erkən İslam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir”.
Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kv.m olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb. Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparılıb. Radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürülüb.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində qoruq ərazisinə turlar təşkil edilib, məktəbli və tələbələr üçün master klasslar göstərilib. Təşkil edilən bu turlar çərçivəsində qoruq ərazisinə arxeoloji qazıntılarla maraqlanmaq, gələcəkdə buranı kompleks tədqiq etmək üçün bir sıra mütəxəssislər - sənətşünaslıq üzrə elmlər doktoru, dosent İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktorları Anar Ağalarzadə, Yunis Nəsibli, Bəhmən Faziloğlu, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu və antropoloq Vüsal Həsənov dəvət edilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə qazilər və döyüşçülər də Göyəzən dağında aparılmış arxeoloji qazıntı sahəsində olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.