Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.12.2021 17:44
  • A-
  • A
  • A+

Türkiyəli alimin kitabları Dilçilik İnstitutunda müzakirə olunub

Türkiyəli alimin kitabları Dilçilik İnstitutunda müzakirə olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türkiyə Cümhuriyyətinin Fırat Universitetinin Çağdaş Türk Ləhçələri və Ədəbiyyatı fakültəsinin dekan müavini, Xarici Tələbələrlə İş Mərkəzinin rəhbəri  dosent Süleyman Kaan Yalçının “Çağdaş türk ləhcələrində saitlər”, “Cəfər Cabbarlı Övküləri. Aynaya yansıyanlar” və “Azərbaycan türkcəsi qrammeri” kitablarının müzakirəsi keçirilib.

İclasda institutun baş direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. Nadir Məmmədli Azərbaycan və Türkiyə müasir ədəbi dil əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, tarixən Azərbaycan-Türkiyə dil əlaqələri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb.

Filologiya elmləri doktoru Mayıl Əsgərov, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Aynel Məşədiyeva və Şəbnəm Həsənli kitablar barədə çıxış ediblər. Bildiriblər ki, Süleyman Kaan Türkologiya sahəsində önəmli tədqiqatlar aparmış dəyərli alimlərdəndir.

Mayıl Əsgərov qeyd edib ki, “Azərbaycan türkcəsi qrammeri” əsərində müasir türk dillərinin quruluşu müqayisə edilib, sözlər və qrammatik kateqoriyalar arasında ümumi və fərqli cəhətlər müəyyənləşdirilib. Kitabda  qrammatik  kateqoriyaların da şərhinə geniş yer verilib.

Dosent Aynel Məşədiyeva bildirib ki, alimin “Çağdaş türk ləhcələrində saitlər” kitabında müasir türk dillərinin fonetik, orfoqrafik və orfoepik quruluşu müqayisə edilir, fonoloji, fonomorfoloji xüsusiyyətləri, fonem dəyişmələrinin səbəbləri və qanunauyğunluqları araşdırılır.

Dosent Şəbnəm Həsənli Qəribova çıxışında qeyd edib ki, Cəfər Cabbarlının hekayələrində əsas mövzulardan biri də təhsil və maarifçilikdir. “Cəfər Cabbarlı Övküləri. Aynaya yansıyanlar” əsərində S.Kaan “Cocuq” hekayəsində maarifçiliyin yayılmasında təkcə fərdi yanaşmaların deyil, sistemdəki  yalnış qərar və addımların da mühüm rol oynadığı nəzərə çatdırılır. Bu hekayədə gənc müəllimin timsalında sanki Cəfər Cabbarlının özü danışır və sistemdəki vəziyyəti o gəncin iki müəllimi simasına üzə çıxarır. 

C.Cabbarlı yaradıcılığının həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruduğunu söyləyən Şəbnəm Həsənli vurğulayıb ki, onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında mühüm yer tutur.

İclasda Bakı Dövlət Universitetinin “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçiləri filologiya üzrə fəlsəfə doktorları Pərvin Bayramov və Ramil Eyvazov sözügedən kitabların müasir dövr üçün aktual olduğunu deyib. Bu cür elmi müzakirələrin hər iki ölkə arasında ədəbi, elmi, mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə  bildirib.

Tədbirdə çıxış edən Türkiyəli alim Süleyman Kaan Yalçın böyük zəfər münasibətilə Azərbaycan xalqını təbrik edib. Sonra Süleyman Kaan Yalçın Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyinə və kollektivinə bu cür görüşlərin, elmi müzakirələrin ədəbi əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

Sonda Süleyman Kaan Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli tərəfindən “Azərbaycan dilçiliyinin inkişafında uğurlu fəaliyyətinə görə” Fəxri fərman ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: