Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.12.2021 14:45
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun illik hesabatı dinlənilib

Neft və Qaz İnstitutunun illik hesabatı dinlənilib

Yer Elmləri Bölməsinin Elmi şurasının AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbir Neft və Qaz İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunub.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev məruzə ilə çıxış etmək üçün sözü institutun icraçı direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanova verib.

Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 7 mövzu üzrə 7 elmi tədqiqat işinin aparıldığını və ilin sonunda 2 elmi tətqiqat işinin başa çatdığını qeyd bildirib. O, qeyd edib ki, yerinə yetirilən elmi tədqiqat işləri çərçivəsində 4 mühüm elmi nəticə alınıb və nüfuzlu elmi jurnallarda dərc edilib. İnstitutun beynəlxalq əlaqələri haqqına məlumat verərkən, Vaqif Qurbanov 3 yeni əməkdaşlıq sənədinin imzalandığını vurğulayıb. O, institutda SOCAR, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Rusiyanın Fundamental Tədqiqatlar Fondu, İtaliyanın CNR mərkəzi tərəfindən dəstək almış bir sıra qrant layihələrinin icra vəziyyətindən danışıb və 2 layihənin beynəlxalq statusa malik olduğunu qeyd edib. V.Qurbanov SOCAR-ın Elm Fondu tərəfindən dəstəklənən 4 layihənin, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə 1 layihənin cari ildə nəticələrini təqdim edib və daha 9 yeni layihənin müsabiqəyə təqdim edildiyini bildirib.

Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 70 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 38 məqalə, 31 konfrans məruzələrinin tezislərinin dərc edildiyini vurğulayıb. Həmin əsərlərdən 23 elmi məqalə və 16 tezis xaricdə, 16 məqalə “Web of Science” və “SCOPUS” bazalarında indeksləşən jurnallarda dərc edilib. İnstitut əməkdaşlarının elmi əsərlərinə 440 istinad olub. Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəaliyyəti, maddi-texniki təchizatı, elmi kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqəsi və elmin kütləvi təbliği, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar görülən tədbirlər, təltif və mükafatlar, yubileylər və s. haqqında ətraflı məlumat verib.

Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər dinlənilib. İclas iştirakçıları institutun kollektivinin 2021-ci il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: