Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2021 14:42
  • A-
  • A
  • A+

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi hesabat verib

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi hesabat verib

Dekabrın 30-da AMEA Rəyasət Heyəti aparatında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin illik hesabatına həsr olunmuş iclas keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin müdirləri, o cümlədən əməkdaşları iştirak ediblər.

Hesabat iclasını filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov açaraq tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, artıq ikinci ildir sözügedən bayramları xalqımız ərazi bütövlüyünü bərpa etmiş müstəqil və güclü dövlətin vətəndaşı kimi qeyd edir.

Aparat rəhbəri daha sonra sözü məruzə üçün İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova verib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin hesabatını təqdim edən A.Şükürov bildirib ki, rəhbərlik etdiyi şöbənin strukturu “Dövri nəşrlər”, “Elm TV” və “İctimaiyyətlə əlaqələr və analitik informasiya” sektorlarından ibarətdir.

O qeyd edib ki, il ərzində şöbənin sektorlarında Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, keçirdiyi görüşlər haqqında məlumatlar dərc edilib, AMEA Prezidentinin, AMEA Rəyasət Heyətinin qərarlarından irəli gələn tapşırıqlar, eləcə də AMEA Rəyasət Heyətinin, AMEA-nın Ümumi yığıncağının, Akademiyanın elmi müəssisə və təşkilatlarının konfrans, iclas və seminarlarına dair foto və video çəkilişlər aparılıb, operativ şəkildə press-relizlər hazırlanaraq yayımı həyata keçirilib, o cümlədən alimlərimizin məqalələrinin KİV-də yayımının təşkili və onların TV proqramlarında iştirakı təmin edilib.

Həmçinin AMEA prezidentinin xarici ölkələrin elmlər akademiyalarının, elmi təşkilatlarının rəhbərləri ilə görüşləri, akademik Ramiz Mehdiyevin dövlət bayramları münasibətilə Akademiya əməkdaşlarına təbrikləri, AMEA Rəyasət Heyəti üzvlərinin keçirdikləri görüşlər, AMEA və digər dövlət qurumlarının birgə təşkilatçılığı ilə baş tutmuş konfrans, seminar, sərgi və təqdimatlar haqqında xəbərlər, regional elmi mərkəzlərin tədbirlərinə dair məlumatlar, 27 sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü, Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və digər mühüm tədbirlər, Qarabağın tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti mövzularında, həmçinin İkinci Qarabağ müharibəsində iştirak edib şəhid olan və qazi adını alan AMEA əməkdaşları haqqında məqalələr, Akademiyanın aparıcı alimləri ilə müsahibələr, nəşrlər, elmi yeniliklər və s. informasiyaların yayımı həyata keçirilib.

Bundan əlavə, “Nizami Gəncəvi İli” çərçivəsində, “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” və “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının sərəncamları çərçivəsində AMEA-da görülmüş işlər oxuculara təqdim olunub.

A.Şükürov bildirib ki, AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin il ərzində 48 sayı işıq üzü görüb. Onlardan 3-ü xüsusi buraxılış olub və 15 İyun - Milli Qurtuluş Gününə, 8 Noyabr - Zəfər Gününə və Rusiya Elmlər Akademiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilib.

Şöbə müdiri, o cümlədən 60 illik yubileyi qeyd olunan və ötən müddət ərzində ölkəmizdə elmin populyarlaşması istiqamətində yorulmaz fəaliyyəti ilə seçilən AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının hesabat dövründə dörd sayının çap edildiyini,  nəşrdə fizika, kimya, biologiya, tibb, humanitar, ictimai və yer elmləri sahəsinə aid bir çox yazıların dərc olunduğunu deyib.

AMEA-nın rəsmi Science.gov.az portalının 2021-ci il ərzində fəaliyyətinə dair məlumatları təqdim edən A.Şükürov veb saytda 3500-dən artıq xəbərin yayımlandığını, “Google Analytics” sayğacına əsasən, saytın oxucularının ilk onluğunu isə Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Çin, Hindistan, Ukrayna, Birləşmiş Krallıq və İrandan oxucuların təşkil etdiyini söyləyib.

Elm TV-nin fəaliyyətinə toxunan natiq il ərzində AMEA-nın həyatında baş verən elmi nailiyyətlər, mühüm hadisələr, beynəlxalq tədbirlər, Zəfər tariximizi yazan AMEA əməkdaşları və s. mövzularda silsilə reportajların hazırlandığını, materialların hazırlanması zamanı Akademiyanın alim və mütəxəssislərindən, elmi işçilərindən, bu elm ocağının tədbirlərində iştirak edən səfirlərdən, xarici qonaqlardan müsahibələrin alındığını vurğulayıb.

Həmçinin hesabat dövründə ölkənin aparıcı televiziyalarının xəbərlər, səhər və digər proqramlarında, eləcə də internet televiziyaların efirlərində elmin müxtəlif istiqamətlərindən bəhs edən mövzularda mühüm elmi nəticə və nailiyyət əldə etmiş AMEA alimlərinin və mütəxəssislərinin çıxışlarının təşkil olunduğu, alimlərimizin qəzetlərdə və bir sıra xəbər saytlarında müxtəlif mövzulu məqalələrinin çapının təşkilinin həyata keçirildiyi bildirilib.

Hesabat dinlənildikdən sonra mövzu ətrafında AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov çıxış edərək fikir və təklifini səsləndirib.

Sonda çıxış edən AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov şöbənin cari ildəki fəaliyyətini müsbət qiymətləndirərək hesabatı məqbul sayıb. Həmçinin birgə fəaliyyət planı çərçivəsində AMEA Rəyasət Heyəti aparatının şöbələri arasında əməkdaşlığın genişlənməsinin müsbət nəticə verdiyini söyləyib, müvafiq tapşırıqlarını verərək iclasa yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: