Hörmətli həmkarlar!
31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması bu gün müstəqil Azərbaycan Respublikasının güclü, qüdrətli dövlətə çevrilməsində, milli birliyimizin təmin edilməsində, xalqımızın ölkə rəhbərliyinin ətrafında sıx birləşməsində mühüm rol oynamışdır. Məhz bu əlamətdar günün aşıladığı dəyərlərin həmvətənlərimizin və soydaşlarımızın dünyanın harasında yaşamasından asılı olmayaraq milli mənsubiyyətini qorumasında, onların azərbaycançılıq ideologiyasından çıxış etməsində, daim Vətənini düşünməsində və onun çətin günündə köməyinə çatmasında, dövlətimizin iqtisadi cəhətdən güclənməsində önəmli rolu vardır.
70 il SSRİ-nin tərkibində yaşayan xalqımız dünyanın başqa bölgələrindəki soydaşlarımız ilə əlaqə qurmaq imkanlarından məhrum olmuş, nəhayət 1980-ci illərin sonlarında bu arzularını həyata keçirməyə başlamış, dövlət müstəqilliyimizi əldə etdikdən sonra isə bu istək reallığa çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuş, daha sonra bütün respublikada bayram günü kimi qəbul edilmişdir.
Daim xalqımızı “yumruq” kimi birləşdirməyə çalışan Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.
Qurultayda Ulu Öndər Heydər Əliyev bu gün də dillər əzbəri olan tarixi nitqində qeyd edirdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. …Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. …Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Görkəmli dövlət xadimi bununla yetinməmiş, soydaşlarımızın təşkilatlanması, onlarla əlaqələrin genişləndirilməsi, o cümlədən Azərbaycan barədə həqiqətlərin dünyada təbliği məqsədilə 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalamışdır.
Dahi liderin bu istiqamətdə atdığı addımların mahiyyətini dərk edən cənab Prezident İlham Əliyev Ulu Öndərin azərbaycançılıq, milli birlik və həmrəylik siyasətini uğurla davam etdirərək 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunduğu ötən 30 il ərzində qəbul edilmiş sənədlərin, həyata keçirilmiş çoxşaxəli silsilə tədbirlərin nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində həmvətənlərimiz və xaricdə yaşayan hər bir soydaşımız bütün imkanları ilə Ali Baş Komandan İlham Əliyevin, ordumuzun, dövlətimizin yanında olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və qəbul olunmasında mühüm rol oynadı, düşmənin informasiya təxribatlarının qarşısını aldı, milli birliyimizi tarixdə misli görünməmiş həddə çatdıraraq Qələbəmizi şərtləndirdi.
Cənab Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının II Qurultayında dediyi kimi, “Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Dəyərli Akademiya əməkdaşları, Sizi bir daha əlamətdar günlər münasibətilə təbrik edir, Azərbaycanımızın inkişafı yolunda daim həmrəyliyə səsləyir, Yeni ildə xoş günlər arzulayır, elmi yaradıcılığınızda uğurlar diləyirəm.
Ramiz MEHDİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.