Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Qərib Məmmədovun 75 yaşı tamam olur
06.01.2022 10:11
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədovun 75 yaşı tamam olur

Bu gün torpaqşünaslıq və ekologiya elmləri sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun 75 yaşı tamam olur.

Qərib Şamil oğlu Məmmədov 6 yanvar 1947-ci ildə Ermənistan SSR-in Amasiya rayonunun Yeniyol kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya-biologiya fakültəsinə qəbul olub və 1970-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib.

“Torpaqşünaslıq” ixtisası üzrə elmlər namizədi (1979), “Ekologiya” ixtisası üzrə biologiya elmləri doktoru (1992) elmi dərəcələrini və professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Q.Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Eroziya Bölməsində laborant, AMEA-nın Torpaq­şünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri, institut direktoru (1993-2001) vəzifələrində işləyib. O, I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, Dövlət Torpaq Komitəsinin (1997-2001), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (2001-2015) sədri, Hökumət və Respublika Aqrar İslahat komissiyalarının üzvü (1997-2015) təyin edilib. Alim 2004-2011-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin, 2011-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiridir. O, 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü seçilib. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.

Alim tərəfindən Azərbaycan torpaqlarının aqroekologiyası və bonitirovkası, ekoloji münbitlik modelləri, coğrafi yayılma qanunauyğunluqları öyrənilərək xəritələşdirilib, torpaq örtüyü strukturası tədqiq edilib, landşaft komp­lekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılıb, ekoloji qiymət xəritəsi və üç dildə (Azərbaycan, rus, ingilis) torpaq və ekoloji atlaslar və Azərbaycanın ekoloji konsepsiyası hazırlanıb. İlk dəfə Qərib Məmmədovun rəhbərliyi və həmmüəllifliyi ilə aerokosmik materiallar, relyef plastikası əsasında “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş” (2018), “1:100 000 miqyasında interaktiv torpaq və ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş” (2020) Azərbaycan Respublikasının yeni torpaq xəritəsi və torpaq atlası hazırlanıb, torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları verilib, fond və şəxsi  materiallarına istinadən Azərbaycanın 1:100 000 miqyasında GİS əsaslı torpaq xəritəsi tərtib edilib.

Qərib Məmmədov 730-dan çox elmi əsərin, o cümlədən 30-dan çox metodik tövsiyə və kitabça, 36 müəlliflik şəhadətnaməsi və patent, 5 səmərəli təklif, 34 dərslik və monoqrafiyanın müəllifidir.

Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 58 fəlsəfə, 14 elmlər doktoru hazırlanıb.

Akademik Qərib Məmmədov Beynəlxalq Noosfer, Rusiyanın Ekologiya, Beynəlxalq Ekoenergetika, Rusiya Təbiət Elmləri və Türk Dünyası Beynəlxalq Elmlər akademiyalarının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin ömürlük üzvü və Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü, Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidenti, Avrasiya Torpaqşünaslar Cəmiyyətlərinin Federasiyasının həmsədri və akademik Həsən Əliyev adına Ekologiya Fondunun sədridir.

“Aqrar və ekologiya elmləri” jurnalının baş redaktoru, “Həyat elmləri və biotibb” jurnalının, “Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri”, “Azərbaycan Texniki Universitetinin elmi əsərləri” və “Azərbay­can Milli Aerokosmik Agentliyinin Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvüdür. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olub, ölkə başçısının sərəncamlarına əsasən Milli Ensiklopediya Şurasının üzvü, Azərbaycan Respublikası Milli Atlasının məsul katibidir (2011).

Akademik Qərib Məmmədov bonitirovka, aqroekologiya və xəritəçilikdə qazandığı elmi uğurlarına görə SSRİ Xalq Nailiyyətləri Sərgisinin bürünc medalına (1987), V.V.Dokuçayev adına medala layiq görülüb. Elmi nəticələri, elmi-təşkilati və pedaqoji fəaliyyətinə görə “Akademik H.Əliyev adına mükafat”, fəxri diplom və medalla təltif olunub (1997). 2013-cü ildə Kembric Universitetinin sertifikatına və “Əsrin tanınmış alimi” beynəlxalq diplomuna və bir sıra yerli və beynəlxalq nüfuzlu təşkilatların mükafat və diplomlarına layiq görülüb. Avrasiya Araşdırma Rəy Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respublikada torpaq islahatlarının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə “Qızıl Kürə” Milli Mükafatı (2012) və AMEA-nın 70 illik yubileyi münasibətilə hazırlanmış xatirə medalı (2015) ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 yanvar 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında aqrar elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. Torpaqşünaslıq, ekologiya və aqrar elmlərin inkişafında xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı (2017) ilə təltif edilib. Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin Fəxri fərmanı (2017) ilə təltif edilib.

Akademik Qərib Məmmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: