Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.05.2015 00:00
  • A-
  • A
  • A+

“Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirildi

“Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirildi

Mayın 4-də AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı.  Bildirdi ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib: “Bu gün akademiyanın 70 illik tarixinə nəzər salarkən onun xalqımızın taleyində necə mühüm rol oynadığının bir daha şahidi oluruq”. 

AMEA rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınıb, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanılıb.

Ulu öndərlə bağlı xatirələrini bölüşən akademik A.Əlizadə diqqətə çatdırıb ki, AMEA-nın inkişafının böyük bir mərhələsi ümummilli liderin adı ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra akademiyaya dövlət statusu verilib. Bu elm ocağı “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə qazanıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış etdi.  Ümummilli lider Heydər Əliyevi dünya siyasətinin nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin xarici siyasətinin formalaşmasında ulu öndərin müstəsna xidmətləri olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olub. Ümummilli lider Heydər Əliyevin dünya miqyasında qəbul edilən böyük şəxsiyyət olduğunu söyləyən akademik bildirdi ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə çoxşaxəli fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu Öndərin Azərbaycan elminin, AMEA-nın tarixində və inkişafında böyük xidmətləri olub.

Akademik İsa Həbibbəyli bildirdi ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bütün istiqamətlərdə dünyanın dinamik inkişafında olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilib. Artıq Azərbaycan müxtəlif sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərə və idman yarışlarına ev sahibliyi edir.

Akademik İsa Həbibbəyli ölkəmizin dünyanın inkişaf etmiş qabaqcıl ölkələrindən birinə çevrilməsinin iqtisadi, siyasi, mədəni və mənəvi yüksəlişiniin əsas istiqamətlərini diqqətə çatdırdı, “Əsrin müqaviləsi” adı ilə tarixə düşən ‎beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və ‎möhkəmləndirilməsində müstəsna əhəmiyyəti olduğunu bildirdi.

Çıxışının sonunda o, fenomen şəxsiyyət, müasir Azərbaycanın memarı, ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğunda göstərdiyi əvəzsiz xidmətlərin, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ayırdığı diqqətin daim xatırlanacağını bildirdi.

Sonra AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov “Heydər Əliyev və Azərbaycan nefti”, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzələrlə çıxış etdilər. Məruzələrdə Ümummilli Liderin neft strategiyasından, ölkəmizdə neft sənayesinin inkişafındakı tarixi xidmətlərindən, görkəmli ictimai-siyasi xadimin idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: