Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Pərviz Məmmədovun 85 yaşı tamam olur
12.01.2022 10:47
  • A-
  • A
  • A+

Akademik Pərviz Məmmədovun 85 yaşı tamam olur

Bu gün tanınmış geoloq alim, AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri, akademik Pərviz Məmmədovun 85 yaşı tamam olur.

Pərviz Ziya oğlu Məmmədov 1937-ci ildə Bakı şəhə­rində anadan olub. 1959-cu ildə Azər­bay­can Neft və Kimya İnstitutunu (indiki Azərbay­can Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-geofizik ixtisası üzrə bitirib.

P.Məmmədov 1967-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci il­də geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxar­ma üzrə El­mi tədqiqat İnstitutunda texnik-operator vəzifəsindən başlayaraq ardıcıl olaraq böyük radiotexnik, mühəndis-geofizik, bö­yük mühəndis vəzi­fələ­rində işləyib. P.Məmmədov 1958-1966-cı illərdə keçmiş ÜİET Geo­fi­zika İnsti­tu­tunun Azər­bay­can filialında böyük mühəndis, elmi işci vəzifələ­rində çalışıb. O, 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Geo­fi­ziki kəşfiyyat üsul­­ları kafedrasında assistent, dosent, professor, kafedra müdi­ri, elmi işlər üzrə pro­rektor, rektor işlə­yib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Uni­ver­si­te­tinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.

P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geo­fizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq edib və keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki in­ter­pretasiyada səmərəsini əsas­landıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkar­lamaq imkanı verən “Seysmostrati­qra­fiya” üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istər­sə də ABŞ və Avropa geo­fizikləri tərəfindən yüksək qiymətləndiril­ib. O, Cənubi Xəzər meqaçökəkli­yinin iyerarxiyasını öyrənib, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlayıb və istehsalata tövsiyə edib, bir sıra xarici şirkətlərin sifari­şilə elmi tədqiqatlar aparıb. Bey­nəl­xalq elmi layihələr üzrə elmi tədqiqat­ların rəh­bəri və icraçısı olub.

P.Məmmədov 4 elmi jurnalın redaksiya heyət­inin üzvüdür. Ame­rika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-in Elm fondunun eks­perti, AMEA Yer Elmləri Bölməsinin Elmi şurasının üzvü, Geolo­giya və Geofizika İnstitutunun nəzdin­dəki Dissertasiya şurasının sədr müavini, ADNSU-da Magistr ixtisaslaşmış şurasının sədridir.

O, Beynəlxalq Geofizika Cəmiyyətinin, Amerika Neftçi-Geo­loq­lar Assosiasiyasının, Avropa Geoelmləri Mühən­dis­ləri Assosi­asi­ya­sının üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müx­bir üzvü, eləcə də Beynəlxalq Elmlər Akademiyasının (İnsbruk, Avstriya) həqiqi üzvüdür.

P.Məmmədov 240-dan artıq elmi əsərin, 1 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi ilə 3 elmlər və 10 fəl­səfə doktoru hazır­lan­ıb. Hazırda 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə dokto­runun elmi rəhbəridir.

P.Məmmədovun adı Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə (2005) geo­fizika elminin inkişafın­da nai­liyyətlərinə görə “Rusiyanın görkəm­li geo­fizikləri” ensiklopedi­yasına sa­lın­ıb. O, “Görkəmli geofi­zik S.Q.Komarov” adına medal­la (2010) təltif olun­muş ilk azərbaycanlı alimdir. Müxtəlif illərdə AR Təhsil Nazirliyi­nin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına, AMEA-nın akademik M.Əliyev adına mükafatına (2016) layiq görülüb.

Tanınmış geoloq alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: