AMEA-nın Mikrobiologiya İnstitutunda akademik Məmməd Salmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yığıncağı giriş nitqi ilə açan müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov görkəmli mikrobioloq alim, “Şöhrət” ordenli, akademik Məmməd Salmanovun şərəfli həyat yolundan, zəngin elmi yaradıcılığından söhbət açaraq yubilyarı 90 illiyi münasibətilə təbrik edib. Bildirib ki, akademikin xidmətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilib.
P.Muradov dövlət başçısının Məmməd Salmanova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında 2022-ci il 11 yanvar tarixli Sərəncamını təkcə M.Salmanovun xidmətlərinə deyil ümumilikdə mikrobiologiya elminə göstərilən böyük diqqət kimi dəyərləndirib.
Qeyd edib ki, akademik Məmməd Salmanovun elmi fəaliyyəti əsasən Azərbaycanın su mənbələri - Kür və Araz çayları hövzəsi, göllər, su anbarları, mineral və termal bulaqların, o cümlədən Xəzərin mikrobiologiyası, bioloji məhsuldarlığı, ekoloji vəziyyəti məsələlərinə həsr olunub. O, ölkəmizin regionlardakı sularından alternativ kimi istifadə edilməsi imkanlarını müəyyən edib. Azərbaycanda su mikrobiologiyasının yaranması onun adı ilə bağlıdır.
İclasda elmi şuranın üzvü biologiya elmlər doktoru Fuad Qulubəyov, akademiklə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətindən söhbət açıb.
Daha sonra müəssisənin Həmkarlar təşkilatının üzvü, 1976-cı ildən M.Salmanovla bir yerdə işləyən Şəfiqə Feyzullayeva və institutun labarotoriya müdirləri çıxış edərək akademikin həyat yolunun mikrobioloqlar üçün örnək olduğunu diqqətə çatdırıblar.
Alimə institut kollektivi adından xatirə hədiyyəsi təqdim olunub.
Sonda çıxış edən akademik M.Salmanov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Akademiya rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.