Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 yaşı tamam olur
18.01.2022 11:58
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 yaşı tamam olur

Bu gün ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 yaşı tamam olur.

Təhsin Mütəllim oğlu Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. O, orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində, 1959-1961-ci illərdə aspirantura pilləsində təhsil alıb. 1957-1959-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri olub.

1961-ci ildə “Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə “Əbdürrəhim bəy Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyaları müdafiə edərək, 1987-ci ildə professor elmi adını alıb. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Görkəmli ədəbiyyatşünas alim 60 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli fəaliyyət görtərir. 1961-1963-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, 1963-1965-ci illərdə baş müəllim, 1965-1978-ci illərdə dosent vəzifələrində çalışıb. 1978-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.

Təhsin Mütəllimovun “Ə.Əbülhəsənin yaradıcılığı”, “XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər”, “Sənət qayğıları”, “Əbdürrəhimbəy Haqverdiyevin poetikası” və s. kitablarında klassik və müasir ədəbiyyatımızın görkəmli ədiblərinin yaradıcılığına dair bir sıra mühüm elmi-nəzəri məsələlər öz həllini tapıb. Alim görkəmli yazıçı Mir Cəlal Paşayevin beş cildlik bədii əsərlərinin tərtibçilərindən biri olub.

Təhsin Mütəllimov 1991-ci ildə “Əbdürrəhim bəy Haqverdiyevin poetikası” kitabına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub, 2001-ci ildə “Qızıl qələm” mükafatına, 2017-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı və “3-cü dərəcəli əmək ordeni” və 2022-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Görkəmli ədəbiyyatşünas alimi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: