AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, hər bir xalqın tarixində elə günlər var ki, onlar heç vaxt unudulmamalıdır. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar da məhz belə tarixlərdəndir. Həmin günlərdə sovet qoşunları tərəfindən Bakıda mülki əhaliyə qarşı insanlığa sığmayan qırğınlar törədildi. O məsum insanlar arasında körpə uşaq və yaşlı insanlar da var idi. Baş direktor onu da vurğulayıb ki, bu gün Azərbaycan xalqı öz şəhidlərini qürur və ehtiramla anır.
Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə öz çıxışında müasir Azərbaycan tarixində 1990-cı il 20 Yanvar faciəsinin yeri haqqında danışıb. O bildirib ki, 20 Yanvar faciəsini törətməklə keçmiş sovet imperiyasının rəhbərliyi hesab edirdi ki, 70 ildən bəri öz istilasında saxladığı xalqın mübarizə əzmini sındıra biləcək. Əksinə Azərbaycan da daxil olmaqla, öz istilasında saxladığı xalqlara qarşı bu cür qırğınların törədilməsi keçmiş sovet imperiyasının özünün sonunu gətirdi. Bu gün biz 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirik. Çünki bu tarix bizim şərəf tariximizdir və hər zaman qan yaddaşımızda qalacaq.
Sonda İnformasiya şöbəsi tərəfindən hazırlanmış 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.