Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 19:37
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə açaraq bir sıra məsələlərə toxunub, o cümlədən Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib. “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir və müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.

Sonra akademik Ramiz Mehdiyev yığıncağın gündəliyi barədə məlumat verib.

Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova 2021-ci ildə bölmənin təşkilatları ilə yanaşı, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, Səhiyyə Nazirliyinin, TƏBİB-in və Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat və təhsil müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsinin həyata keçirildiyini söyləyib.

Qeyd edib ki, hesabat ilində bölmənin institutlarında və respublikanın müvafiq elm və təhsil müəssisələrində biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində tədqiqatların aparıldığını söyləyib.

Vurğulayıb ki, qeyd olunan istiqamətlər üzrə bölmənin tərkibində olan institutlarda hesabat ilində 22 problem, 84 mövzu, 252 iş, 523 mərhələ üzrə tədqiqatlar aparılıb, 10 iş və 376 mərhələ tamamlanıb. Bölmədənkənar tibb müəssisələrində isə 34 problem, 145 mövzu (20-si tamamlanıb) və 292 işi (40-ı tamamlanıb) əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində 23 problem, 120 mövzu (5-i tamamlanıb), 298 iş (21-i tamamlanıb) üzrə tədqiqatlar davam etdirilib.

Akademikin sözlərinə görə, hesabat ilində BTEB üzrə 17, bölmədənkənar elm və təhsil müəssisələri üzrə 12 mühüm nəticə alınıb, bölmə üzrə 4, tibb müəssisələrində 55, aqrar sahə institutlarında isə 34 iş tətbiq edilib.

Bölmənin nəşriyyat fəaliyyətinə toxunan məruzəçi hesabat dövründə BTEB-in institutları tərəfindən 875 elmi əsər, o cümlədən 16 kitab (3-ü xaricdə), 15 monoqrafiya (2-si xaricdə), 426 məqalə (356-sı xaricdə, onlardan 120-si impakt faktorlu jurnallarda), 418 tezisin (165-i xaricdə) nəşr olunduğunu, əməkdaşların əsərlərinə 2962 istinadın edildiyini diqqətə çatdırıb. Bildirib ki, bölmədənkənar tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən 2592 elmi əsər, o cümlədən 20 kitab (4-ü xaricdə), 15 monoqrafiya, 1378 məqalə (525-i xaricdə, onlardan 203-ü “Web of Science” və “Scopus”  bazalarından olan jurnallarda), 1179 tezis (405-i xaricdə) nəşr olunub, elmi əsərlərə 2079 istinad qeydə alınıb. Bölmədənkənar aqrar sahə institutlarında isə 763 elmi əsər, o cümlədən 53 kitab, 7 monoqrafiya, 627 məqalə (335-i xaricdə, onlardan 41-i “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 76 tezis (28-i xaricdə) işıq üzü görüb, elmi əsərlərə 235 istinad edilib.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, hesabat ilində bölmənin institutları tərəfindən 14, respublikanın tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələrində 21, aqrar elm və təhsil müəssisələri üzrə 46 patent alınıb, eləcə də bölmənin əməkdaşları bir sıra yerli və beynəlxalq layihə müsabiqələrinin qalibləri olublar.

Akademik məruzəsində, həmçinin Qarabağın bioloji müxtəlifliyinin, mövcud bioloji və ekoloji durumunun, gələcək inkişaf perspektivlərinin öyrənilməsi üzrə davam etdirilən multidissiplinar tədqiqatlar, yerli və beynəlxalq səviyyəli tədbirlər, görüşlər, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, elektron elmin inkişafı üzrə fəaliyyət, təltif və mükafatlar və digər mühüm məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat dinlənildikdən sonra çıxış ətrafında akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən hesabat yekdilliklə qəbul olunub.

Sonra bir sıra cari məsələlər müzakirə edilib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin, Rəyasət Heyəti Aparatının, eləcə də AMEA Gəncə Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarının əməkhaqlarının artırılması ilə bağlı ölkə başçısının müvafiq Sərəncamını böyük məmnunluqla qarşıladıqlarını xüsusi vurğulayaraq Azərbaycan alimlərinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Əminik ki, bundan sonra da ölkə başçısının AMEA-ya olan qayğısı davam edəcəkdir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: