AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) böyük Azərbaycan mütəfəkkiri, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə N.Tusinin “Əsasül-iqtibas” (“Məntiq kitabı”) əsəri haqqında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və riyazi məntiq şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev çıxış edib. Alim bildirib ki, Nəsirəddin Tusinin fars dilində yazılmış “Əsasül-iqtibas” əsəri məntiq elmi üzrə yazılmış ən mükəmməl kitablardan hesab olunur.
O, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan riyazi irsinin tədqiqi şöbəsinin fəaliyyətə başlamasından sonra N.Tusi irsinin araşdırılması istiqamətində bir sıra fundamental işlərin görüldüyünü və alimin bir neçə əsərinin dilimizə tərcümə edildiyini deyib. Qeyd edib ki, bu kitablar riyaziyyat, astronomiya, məntiq və s. elmlərə aid olduğu üçün fars və ərəb dilləri üzrə tərcüməçilərlə yanaşı, bir sıra mütəxəssislərin də xidmətindən istifadə edilib.
“Tusinin riyaziyyata verdiyi ən böyük töhfə alimin müsbət həqiqi ədədə tərif verməsidir”, - deyə bildirən Ə.Babayev əlavə edib ki, N.Tusi kimi dahi şəxsiyyətin əsərlərini araşdırmaq çətin olsa da, qürurvericidir.
Daha sonra MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev çıxış edərək Azərbaycanın hər zaman ensiklopedik biliyə malik tarixi şəxsiyyətlər yetişdirdiyini deyib, N.Tusinin bu şəxsiyyətlər arasında xüsusi yerə malik olduğunu, dərin fəlsəfi bilik sahibi kimi elmdə böyük uğurlara imza altdığını bildirib.
MEK-in baş direktoru “Əsasül-iqtibas” əsərinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunaraq bu istiqamətdə aparılan araşdırmaların böyük tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin baş müəllimi, şərqşünas-pedaqoq Əli Rzazadə isə çıxışında Qərb və Şərqin N.Tusi yaradıcılığına olan münasibətindəki fərqlərdən bəhs edib. O, Qərb tədqiqatçılarının Tusini yanlış olaraq “ateist” kimi təqdim etdiyini bildirib. Qeyd edib ki, böyük mütəfəkkir əsərlərində təkümül dedikdə insanın mənəvi təkamülünü nəzərdə tutub, hər zaman mənəvi dəyərlərə sadiq olub.
AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov isə “Əsasül-iqtibas” əsəri haqqında bəzi qeydlərini təqdim edərək dahi alimin elmdə ərsəyə gətirdiyi yenilikləri aşkara çıxarmağın vacibliyindən danışıb. O, Tusinin “Əsasül-iqtibas” əsərinin məntiq elmində yeri və rolu haqqında məlumat verib, bu əsərin Tusinin məntiqə dair yazdığı 5 əsas əsərindən biri olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, “Əsasüll-iqtibas” əsəri bu əsərlər içərisində Aristotel məntiqini özündə əks etdirən ən sanballı kitabdır.
Tusinin “Əsasül-iqtibas” əsərini ərsəyə gətirərkən o dövrün tanınmış bütün məntiq kitablarına dərindən yiyələndiyini deyən Ə.Məlikov bu əsərin dünya klassik və riyazi məntiq əsərləri sırasında da xüsusi yeri olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.