Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.02.2022 11:48
  • A-
  • A
  • A+

Tarix Muzeyinin yeni kataloqu işıq üzü görüb

Tarix Muzeyinin yeni kataloqu işıq üzü görüb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə muzeyin kolleksiyası əsasında “Müslüm Maqomayev” adlı yeni kataloq işıq üzü görüb.

Kataloqun elmi redaktoru muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıdır.

Təqdim olunan kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkar Müslüm Maqomayevin xatirəsinə bir töhfə kimi hazırlanıb. Kataloq iki əsas bölmədən - “Bəstəkarın həyat yolu” və “Bəstəkarın yaradıcılığı”ndan ibarətdir. Birinci bölmədə Müslüm Maqomayevin ailəsi, təhsili, pedaqoji fəaliyyəti, professional opera orkestrində solist-skripkaçı kimi çıxış etməsi, həmin orkestrin 25 il ərzində dirijoru olması, böyük təşkilatçılıq təcrübəsi və yüksək qabiliyyəti sayəsində opera kollektivin fəaliyyətinə rəhbərlik etməsi fotoşəkillər və sənədlər vasitəsilə işıqlandırılır. M.Maqomayevin muzeydə mühafizə olunan 14 ədəd şəxsi əşyası da kataloqun birinci bölməsinə daxil edilib.

“Bəstəkarın yaradıcılığı” bölməsində oxucu M.Maqomayevin səhnə əsərləri olan “Şah İsmayıl” və “Nərgiz” operaları, simfonik və vokal əsərləri ilə tanış olur. Həmçinin bəstəkarın kinofilm və dram əsərlərinin musiqi tərtibatçısı olması fotoşəkillər, afişalar, proqramlar və qəzet məqalələri vasitəsilə məlumatlandırılır.

Kataloqda muzeyin Hədiyyələr və Xatirə Əşyaları, Sənədli Mənbələr və Foto-neqativ materialları fondlarında qorunan M.Maqomayevlə əlaqədar 201 ədəd eksponat haqqında ətraflı məlumat verilir. Kataloq tərtib olunarkən əsərlərin yazılma tarixi əsas prinsip kimi qəbul edilib, eksponatların təsviri xronoloji qayda üzrə düzülüb və müvafiq fondun inventar nömrəsi göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: