AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının hibrid formatda növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.
Tədbirdə müəssisənin Bitki biotexnologiyası laboratoriyası üzrə vakant olan laboratoriya müdiri vəzifəsinin tutulması üçün müsabiqədə iştirak edən b.ü.f.d., dosent Mahirə Məmmədovanın namizədliyi müzakirə edilərək, onun laboratoriya müdiri vəzifəsinə təsdiqi məqsədəuyğun hesab olunub, bununla əlaqədar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması haqqında qərar verilib.
Sonra institutun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması” mövzusunda layihə üzrə tədqiqatları davam etdirmək məqsədilə Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitki Genetikası və Biotexnologiyası Departamentinə ezam edilməsi, 2021/2022-ci tədris ilində qış imtahan sessiyasını uğurla başa vurmuş II kurs magistrantların elmi tədqiqat və elmi-pedaqoji təcrübələrinin keçirilməsinin təşkili, 2022-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı və digər təşkilati məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.