AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri müəssisənin GAMŞ sədri Lamiyə Nəcəfova açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş zirehli texnika və hərbi heyətin köməkliyi ilə Xocalı şəhəri zəbt edilib. O qeyd edib ki, məhz XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasından bəhs edən L.Nəcəfova bildirib ki, ötən illərdə dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, ölkənin bir sıra bölgələrində, həmçinin xaricdəki diasporların dəstəyi ilə dünyanın əksər ölkələrində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.
O, Azərbaycan torpaqlarının erməni işğalına qədərki tarixi-siyasi proseslərdən, faciənin köklərindən, faciə qurbanlarının statistik göstəricilərindən bəhs edərək vurğulayıb ki, düşmənin məkrli siyasətinin pik nöqtəsi məhz Xocalı soyqırımı idi. Bu dəhşətli tarixi hadisəni bütün dünya azərbaycanlıları dərin kədər hissi ilə anır.
Sonra r.e.d. İlqar Məmmədov çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı aktının dünyada tanıdılması yönündə aparılan işlərdən söz açıb. Bu istiqamətdə xüsusilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. Həmçinin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə tədbir iştirakçılarına məlumat verib. O, kampaniyanın təşkilatçılığı ilə Almaniya, Polşa, Fransa, Çexiya və s. ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini və Azərbaycanın haqlı mövqeyinin nümayiş olunduğunu qeyd edib.
Faciənin tarixi və nəticələrindən bəhs edən İ.Məmmədov deyib ki, bu gün Azərbaycan qalib bir ölkə olaraq humanizmdən uzaq, mənfur xislətli düşmənin cəhdlərini tamamilə puç etmiş, tarixi torpaqlarını işğaldan azad edərək vətən uğrunda həlak olan şəhidlərinin qisasını almışdır.
Daha sonra dosent Rəşad Məstəliyev çıxış edərək qeyd edib ki, tarixin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı uzun illər boyu apardığı amansız cinayətlərin növbəti mərhələsi idi. Onun sözlərinə görə, bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində illərdir əməli tədbirlərin görüldüyünü vurğulayan R.Məstəliyev bildirib ki, qətliamın əsl mahiyyətini açıqlamaq, siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir.
Sonra GAMŞ-ın katibi Rayihə Niyazova Xocalı faciəsi ilə bağlı erməni mənbələrində, tarixçilərin əsərlərində yer alan məlumatlardan bəhs edib, mənfur düşmənin öz haqsız mövqeyini nümayiş etdirdiyi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, qədim tarixə malik Xocalı şəhərinin blokadaya salınaraq hədəf seçilməsi heç də təsadüfi deyildi. Məhz Aran və Dağlıq Qarabağ arasında bağlayıcı rolunu oynayan Xocalı ən böyük və qədim yaşayış məskəni olmuşdur. Xüsusi qəddarlıqla həyata keçirilən soyqırımını törədənlər məkrli siyasətləri ilə bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoysalar da, Azərbaycan xalqının mübarizə əzmini qırmağa nail ola bilmədilər.
Tədbirdə, həmçinin Xocalı soyqırımına həsr olunan videoçarxlar nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.