Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.03.2022 14:47
  • A-
  • A
  • A+

Tarix Muzeyində qorunan İstiqlal Bəyannaməsinin orijinal nüsxələri Azərbaycan Milli Ensiklopediyasının növbəti cildində yer alacaq

Tarix Muzeyində qorunan İstiqlal Bəyannaməsinin orijinal nüsxələri Azərbaycan Milli Ensiklopediyasının növbəti cildində yer alacaq

Azərbaycan Milli Ensiklopediyasının nəşrə hazırlanan növbəti cildində “İstiqlal bəyannaməsi” adlı məqalənin yer alması nəzərdə tutulub. Bu məqsədlə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan, Azərbaycan dövlətinin ilk hüquqi sənədi olmuş və Azərbaycanın müstəqillik tarixində müstəsna rol oynamış İstiqlal Bəyannaməsinin nadir nüsxələrinin yüksək keyfiyyətli fotosurətləri “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına təqdim olunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bu dəyərli materialı Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub. Tarixi əhəmiyyət kəsb edən nadir nüsxələr azərbaycanlı mühacirlər nəslinin Londonda yaşayan nümayəndələrindən əldə olunub. Bu əlyazma mətnlər biri ərəb əlifbası ilə Azərbaycan dilində, digəri isə fransız dilində yazılıb. Bu sənəd Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi “Əqdnamə”dən köçürülüb. Lakin burada orijinaldan fərqli olaraq Şura üzvlərinin adları və vəzifələri qeyd olunmayıb. Azərbaycan dilindəki nüsxə 1920-ci ildə İngiltərədə, fransızca nüsxə isə Niderlandda istehsal olunan kağızda tərtib edilib.

Qeyd edək ki, Azərbaycanın istiqlaliyyətini rəsmən elan edən sənədin muzeyin kolleksiyasında xüsusi yeri var və milli mənəvi əhəmiyyət daşıyan bu orijinal nüsxələr Azərbaycan Xalq Cümhuriyyətinin təbliği baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: