Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.03.2022 12:22
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı yeni kataloqların təqdimatı olub

Tarix Muzeyində “Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı yeni kataloqların təqdimatı olub

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin kolleksiyası əsasında işıq üzü görmüş “Üzeyir Hacıbəyli” və  “Müslüm Maqomayev” adlı yeni kataloqların təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq çıxışçıları təqdim edib.

kataloqların həmmüəlliflərindən biri olan Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, təqdim olunan kataloqlar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkarların- Müslüm Maqomayevin və Üzeyir Hacıbəylinin xatirəsinə töhfə kimi hazırlanıb.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunun müdiri Rəna Səfərova çıxış edib. R.Səfərova həmmüəllifi olduğu kataloqların əhəmiyyətindən danışıb.  Kataloqda muzeyin Hədiyyələr və xatirə əşyaları, Sənədli mənbələr və Foto-neqativ materialları, Etnoqrafiya, Təsviri materiallar, Köməkçi tarixi fənn materialları, Fotoneqativ materialları və Köməkçi materiallar fondlarında qorunan M.Maqomayev və Ü.Hacıbəyliyə aid ümumilikdə 485 ədəd eksponat haqqında ətraflı məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov və Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova çıxış ediblər. Qeyd olunub ki, zəngin yaradıcılığı, Vətənə olan bağlılığı, sonsuz sevgisi ilə şöhrət qazanan dahi bəstəkarlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Tədbirdə, həmçinin Niyazinin Ev-Muzeyinin direktoru Rza Bayramov, Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sonda tədbir bədii hissə ilə davam etdirilib. Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi məktəbinin konsertmeysterləri- N.İsayeva və S.Əliyevanın müşayiəti ilə 10-cu sinif şagirdi V.Məmmədov tarda M.Maqomayevin “Radio marşı”nı, “Kamerton” violin çalanlar ansamblı isə Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: