Mayın 8-də AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA-nın İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutları, Qafqaz Universiteti və “İstək” liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “VIII İnformatika layihə olimpiadası”nın (İLO) final mərhələsi keçirildi.
2008-ci ildən etibarən müntəzəm olaraq təşkil olunan olimpiada orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilmiş yarışdır. Olimpiadaya “Proqramlaşdırma”, “Veb səhifə”, “Qısa film”, “Animasiya” və “Robot” kateqoriyaları üzrə ümumilikdə 70 layihə təqdim edilmişdir ki, onlardan 40-ı final mərhələsinə vəsiqə qazanmışdır. Yarışmada Bakı məktəbliləri ilə yanaşı, Gəncə, Lənkəran, Quba və digər bölgələrdən olan şagirdlər də iştirak edirdi.
Qafqaz Universitetində keçirilən olimpiadanın açılış mərasimində çıxış edən universitetin rektoru Ahmet Saniç bildirdi ki, informasiya texnologiyaları üzrə peşəkar kadrların hazırlanmasında dəyərli töhfələrini verən universitet gənclərin yeni elmi biliklərə cəlb edilməsi, kadr hazırlığı səviyyəsinin artırılması məqsədilə müxtəlif səpkili müsabiqə və olimpiadalara ev sahibliyi edir. Bu baxımdan informatika üzrə yarışlarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə təkan verən olimpiadalar xüsusi rola malikdir: “Bu il 8-ci dəfədir keçirilən İLO-nun məqsədi orta məktəb şagirdlərinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağını artırmaq, bu sahədə malik olduqları nəzəri bilikləri praktikada tətbiq etmələrini təmin edərək təcrübə qazanmalarına təkan vermək və ölkəmizdə İKT sahəsi üzrə peşəkar kadrların yetişməsinə şərait yaratmaqdır”.
Bu gün ölkəmizdə İKT sahəsində yeni layihələrin işlənib hazırlanmasına böyük önəm verildiyini dilə gətirən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bu istiqamətdə innovativ təfəkkürə malik gənclərin rolundan danışdı. Onun sözlərinə görə, olimpiadada təqdim olunan yüksək səviyyəli layihələr ölkəmizdə böyük elmi potensiala malik istedadlı gənclərin yetişməsinin göstəricisidir. Alim bu kimi olimpiadaların keçirilməsinin gələcəyin peşəkar kadrlarını aşkara çıxarmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq İLO-nun fəaliyyətini yüksək qiymətləndirdi. Burada təqdim olunan layihələrin gələcəkdə layihə müəllifləri tərəfindən AMEA-nın institutlarında davam etdirilməsinin mümkünlüyünü önə çəkdi.
Ölkəmizdə İKT sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova bu sahədə bir sıra qanunların və dövlət proqramlarının qəbul edildiyini, bütün sferalarda müasir texnologiyaların tətbiq edilməsi, şəbəkə infrastrukturunun inkişaf etdirilməsi, hər kəsin informasiya və biliklərə əlyetənliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd etdi: “Rəqabətədavamlı innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə görülən işlərin səmərəliliyinin daha da artırılması üçün İKT üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi olduqca vacibdir. Şagirdlərdə kiçik yaşlarından etibarən İKT-yə marağın yaradılması baxımından bu kimi olimpiadaların keçirilməsi böyük əhəmiyyətə malikdir”. O, olimpiadada iştirak edən şagirdlərin gələcəkdə bu sahənin mütəxəssisləri kimi Azərbaycanın inkişafı naminə böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi.
RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Vüqar Həsənov gənclərin inkişafına dəstək verən bu kimi olimpiadaların keçirilməsinin vacibliyini qeyd edərək şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra şagirdlər hazırladıqları layihələri olimpiadanın Münsiflər Heyətinin qarşısında nümayiş etdirdilər. AMEA İTİ-də layihənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “Proqramlaşdırma”,Elm TV sektorunun müdiri Xatirə Cabbarzadə “Qısa film”, proqramçı Yusif Sadıyev isə “Veb səhifə” kateqoriyası üzrə yaradılmış Münsiflər Heyətinin tərkibində iştirak edirdilər.
Təqdim olunmuş layihələr hər bir kateqoriya üzrə ayrı-ayrılıqda müəyyən olunmuş kriteriyalar üzrə qiymətləndirildi və qaliblər müəyyən olundu. Sonda qaliblərə qiymətli hədiyyələr, medallar və sertifikatlar təqdim olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir