Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2022 11:52
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimlərinin tərəfdaşlığı ilə “Kimya gecəsi” keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimlərinin tərəfdaşlığı ilə “Kimya gecəsi” keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tərəfdaşlığı ilə Evrika liseyində “Kimya gecəsi” keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə proqram üzrə “Kimya elminin tarixi və inkişafı” mövzusunda liseyin 7k sinfinin elmi-informativ səhnəciyi göstərilib.

Sonra “Mendeleyevin kimyəvi elementlərin dövri cədvəli” mövzusunda 8a sinfinin təqdimatında məruzələr dinlənilib, eyni zamanda “Mendeleyevin yuxusu” adlı səhnəcik auditoriyaya təqdim olunub.

Daha sonra Evrika liseyinin kimya müəllimi Gülər Şükürova “Kimyanın elm və sənayedə rolu” adlı məruzəsini təqdim edib. Həmçinin “Kimyanın tətbiq sahələri” adlı məruzə dinlənilib.

Bundan əlavə, liseyin şagirdlərinin təqdimatında “Karbonun vəsiəti” adlı səhnəcik nümayiş etdirilib.

Tədbirdə çıxış edən Evrika liseyinin direktoru Ofeliya Mahmudova məktəblilərə elmlərin əsaslarına dərindən yiyələnməyi, praktik bacarıqlarını genişləndirməyi tövsiyə edib. O, uğurlu çıxışlarına görə şagirdlərə sertifikat təqdim edib və onlardan ikisinin kimya üzrə Respublika Fənn Olimpiadasında final mərhələsinə vəsiqə qazandığını bildirib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d Elmir Babayev isə çıxışında tədbirin tədbirin əhəmiyyətindən danışıb, bu ənənənin başlanğıcının 27 dekabr 2021-ci ildə Gənc Kimyaçıların Həmrəylik görüşündə qoyulduğunu bildirib. O, elmi müəssisələrlə orta məktəblər arasında əlaqələrin inkişafının hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.

E.Babayev liseyin şagirdlərini AMEA-nın Elm gününə həsr olunmuş aylıq plan çərçivəsində keçiriləcək “Açıq qapı” günlərinə dəvət edib.

Tədbir milli vətənpərvərlik ruhunda olan mahnılarla yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: