Aprelin 18-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq konfransın görkəmli arxeoloq professor Məmmədəli Hüseynovun anadan olmasının 100 illiyinə həsr edildiyini söyləyib. G.Baxşəliyeva bildirib ki, M.Hüseynov Azərbaycan arxeologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük alimdir. Onun rəhbərliyi altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparılıb və paleolit mədəniyyətinə aid zəngin maddi-mədəniyyət nümunələri tapılıb. 1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı burada 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Həmçinin alimin axtarışları nəticəsində ibtidai düşərgələr, o cümlədən Quruçay mədəniyyəti müəyyən edilib. M.Hüseynov 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı arxeoloji qazıntılar zamanı dünya tarixşünaslığı üçün hadisə sayılacaq qədim insanın alt çənə sümüyünü aşkara çıxarır. Azərbaycan arxeologiya elmi üçün böyük tədqiqatlar aparmış alim ömrünün 20 ildən çoxunu Azıx mağarasında tədqiqatlara həsr edib. M.Hüseynov altı kitabın və yüzdən çox elmi əsərin müəllifidir.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov “Məmmədəli Hüseynovun Azərbaycan arxeologiyasında yeri”, professor Əsədulla Cəfərov “Azərbaycan paleolit məktəbinin banisi” mövzularında çıxış edib, alimin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, M.Hüseynov Azərbaycan paleolit məktəbinin banisi, dünyaşöhrətli Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısıdır. Alimin apardığı arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində Azərbaycan ərazisində qədim insan düşərgələrinin mövcudluğunun tarixinin 1,2 milyon ildən artıq olduğu sübuta yetirilib. Məhz buna görə də o, Azərbaycan arxeologiya elminin patriarxı hesab olunur.
M.Hüseynovun rəhbərliyi altında 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində Paleolit arxeoloji ekspedisiyası təşkil olunub. 1958-ci ildə Qazax rayonu ərazisində aparılan kəşfiyyat işləri zamanı Daşsalahlı mustye düşərgəsi aşkar edilib. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin arxeoloji materiallar tapılıb. M.Hüseynov Azıx düşərgəsinin ən aşağı təbəqələrində apardığı arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri aşkar edib. Onun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində zəngin paleolit düşərgələri aşkar olunub və nəticədə Azərbaycan paleolit məktəbi yaradılıb. Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Paleolit dövrünə aid yeni əmək alətləri tapılıb. Dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına görə aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı verilib. Hazırda Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunur. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanların ilkin məskunlaşmasından xəbər verir. Məmmədəli müəllim 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi tapıb. Çənə üzərində aparılan elmi-tədqiqatlar zamanı müəyyən edilib ki, həmin çənə 350 min il bundan əvvəl burada yaşamış 30-35 yaşlı qadına məxsusdur.
Qeyd edilib ki, M.Hüseynov 1971-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik edib. Eyni zamanda, Bakı Dövlət Universitetində dərs deyib və 1976-1993-cü illərdə Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və etnoqrafiya kafedrasının müdiri olub. Professor M.Hüseynov beynəlxalq konfranslarda dəfələrlə elmi məruzələr edərək Azərbaycan ərazisində qeydə alınmış paleolit düşərgələrinin arxeoloji mədəniyyətlərinin xarakterik xüsusiyyətlərini ətraflı şərh edib. Məmmədəli müəllim yaradıcılığının ən məhsuldar bir vaxtında 1994-cü il iyulun 5-də vəfat edib. Lakin onun yaratdığı Azərbaycan paleolit məktəbinin məzunları bu gün də mərhum alimin xatirəsini əziz tutur, arzularını həyata keçirmək yolunda uğurlu tədqiqat işləri aparırlar. Təsadüfi deyildir ki, həmin məktəbin nailiyyətləri Avropada və dünyanın digər ölkələrində yüksək qiymətləndirilir. Belə ki, 2001-ci ildən başlayaraq Azərbaycan Respublikası ərazisində paleolit problemi üzrə aparılan arxeoloji tədqiqat işləri beynəlxalq xarakter alıb. Çünki Azərbaycanın Quruçay sahillərində yerləşən Azıx paleolit düşərgəsində tapılmış maddi mədəniyyət qalıqları ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi, formalaşması və miqrasiya problemlərinin tədqiq olunmasında müstəsna elmi əhəmiyyəti vardır. Bu gün dünyanın müxtəlif ölkələrinin paleolitşünas alimləri M.Hüseynovun yaratdığı paleolit məktəbinin çap etdirdiyi əsərlərə istinad edirlər.
Konfransda Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan alimlərin məruzələri dinlənilib.
“Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans işini bölmə iclasları ilə aprelin 19-dək davam etdirəcək.