AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqisad elmləri doktoru, professor Tərbiz Əliyevin rus və ingilis dillərində “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” adlı kitabı çapdan çıxıb.
Monoqrafiya Qarabağ müharibəsində böyük qələbənin birinci ildönümünə və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın rəyçiləri AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovdur.
Sözügedən vəsait analitik icmalın başlıca prinsipləri əsasında yazılıb. Konseptual yanaşma, faktiki statistik məlumatlar və KİV-də yayılan xəbərlərin təhlili əsasında iqtisadiyyatda, Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqelərdə əldə etdiyi nailiyyətlər, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoyulması faktları və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş dağıntı və zərərin miqdarı, strukturu göstərilib. Eyni zamanda, həlak olmuş insanlar, mədəni irsin dağıdılması, ekoloji terror, 44 günlük müharibədə qələbə və parlaq nailiyyətlərin əldə edilməsi kitabda əks olunub.
Monoqrafiyada Şərqi Zəngəzur və Qarabağ ərazilərinin faydalı qazıntılar, xammal, enerji və su ehtiyatları, turizm imkanları sistemləşdirilir, bu rayonların iqtisadi inkişafının əsas istiqamətləri təsvir edilir, son bir il ərzində görülən işlərə xüsusi diqqət yetirilir. Bunlarla yanaşı, iqtisadiyyatın davamlı və inklüziv inkişafı ilə bağlı təklif və tövsiyələr verilir, yeni aqroparkların, müəssisələrin, sənaye-xidmət məhəllələrinin, klasterlərin, texnoparkların və digər innovativ infrastrukturların və sahibkarlıq obyektlərinin təşkilinin məqsədəuyğunluğu əsaslandırılır.
Kitab ictimai təşkilatların əməkdaşları, alimlər, sahibkarlar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.