Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2022 11:34
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Akif Əlizadə hazırda və yaxın onilliklərdə respublika büdcəsinin xeyli hissəsinin karbohidrogenlər hesabına formalaşması faktını nəzərə alaraq Azərbaycanda neft hasilatının gələcəyi ilə bağlı problemlərin alim və mütəxəssislərin daim diqqətində olduğunu bildirib. Akademik seminarın gündəliyində duran məsələnin də bu mövzuya aid olduğunu vurğulayıb.

Sonra geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərli “Azərbaycanın neft-qaz geologiyası XXI əsrdə: hazırki durum və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. 

Natiq son zamanlarda hasil edilən neftin yeni ehtiyatlarla kompensasiya edilməməsinin vacib problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, yeni neft ehtiyatlarının ənənəvi və qeyri-ənənəvi mənbələrdən hazırlanması qarşıda məqsəd qoyulmalıdır. Ş.Köçərli sonra ənənəvi və qeyri-ənənəvi karbohidrogen mənbələri kimi bir sıra məkanları göstərərək qeyd edib ki,  bu işlərin gerçəkləşməsi üçün fundamental və sahəvi elmi-tədqiqat işləri aparılmalı, kəşfiyyat qazması artırılmalı, yataqların işlədilməsində yeni metodik yanaşmalar  tətbiq edilməlidir.

Məruzəçi vurğulayıb ki, qaldırılan məsələlərlə əlaqədar müvafiq elmi-tədqiqat və istehsalat təşkilatlarının iştirakı ilə Dövlət proqramının hazırlanması zəruridir.

Seminarda iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Akademik Akif Əlizadə seminarın sonunda qaldırılan məsələlərin ölkə iqtisadiyyatında strateji əhəmiyyət kəsb etdiyi üçün SOCAR-ın müəssisə və təşkilatlarının iştirakı ilə müzakirəsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: