Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.05.2022 11:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu ilə Pekin Genom İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir

Genetik Ehtiyatlar İnstitutu ilə Pekin Genom İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, b.ü.f.d., dosent Mehrac Abbasov və İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov genom sahəsində dünyanın tanınmış və ən böyük elmi mərkəzlərindən biri olan Pekin Genom İnstitutunun Genomika bölməsinin əməkdaşı Eda Peng ilə görüşüblər.

Görüşdə Mehrac Abbasov Genetik Ehtiyatlar İnstitutunda genom sahəsində aparılan tədqiqatlar haqqında məlumat verib. Qeyd edib ki, institutun Molekulyar genetika və genomika şöbəsində sanqer və yeni nəsil sekvenserləri ilə təchiz edilmiş müasir laboratoriya, eləcə də İnsan genetikası və beynəlxalq kompüter genomikası laboratoriyaları fəaliyyət göstərir. Son beş ildə institutda buğda və arpa bitkisinə aid mindən artıq sort və formanın sekvens əsasında genotipləşdirilməsi, nar bitkisinin “Azərbaycan gülöyşəsi” sortunun tam genomunun de-novo oxunması, narın altı sortunun və 60 eqilops nümunəsinin tam genomunun re-sekvenslənməsi həyata keçirilib. Bundan başqa, insanda irsi və anadangəlmə xəstəliklər ilə əlaqəli olan müxtəlif genlərin sekvenslənməsi aparılıb və çox sayda elmi məqalələr beynəlxalq jurnallarda yayımlanıb. Hazırda institutda genetika və genom sahəsində fundamental tədqiqatların aparılması üçün müasir infrastruktura və kadr potensialına malik olan bölgənin ən qabaqcıl elmi mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən alimlər hər il dünyanın nüfuzlu jurnallarında beynəlxalq məqalələr çap etdirir və onların əsərlərinə xarici alimlər tərəfindən yüzlərlə istinad edilir.

Pekin Genom İnstitutunun əməkdaşı Eda Peng Genetik Ehtiyatlar İnstitutu ilə elmi əlaqələrin inkişaf etdirmək üçün geniş imkanlar olduğunu bildirib və təşkilatlarında aparılan tədqiqat və xidməti işlər haqqında məlumat verib.

Görüşdə əlaqələrin genişləndirilməsi və iki təşkilat arasında qarşılıqlı səfərlərin mütəmadi təşkil olunması məqsədilə əməkdaşlıq müqaviləsinin hazırlanması, eləcə də birgə beynəlxalq layihələrin hazırlanması üzrə razılıq əldə olunub.

Sonra institutun Molekulyar genetika və genomika şöbəsinin tərkibində fəaliyyət göstərən laboratoriyalara baxış keçirilib, İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov tibbi genetika və epigenetika sahəsində aparılan elmi-tədqiqat işləri və layihələr barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: