Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Vaqif İbrahimovu 75 illik yubileyi münasibətilə təbrik edirik!
10.05.2022 16:51
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif İbrahimovu 75 illik yubileyi münasibətilə təbrik edirik!

Mayın 9-da hesablama riyaziyyatı sahəsində tanınmış alim, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, AMEA-nın müxbir üzvü Vaqif İbrahimovun 75 yaşı tamam olur.

Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1969-cu ildən Bakı Dövlət Universitetində (BDU) elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Alim 2006-cı ildən BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının professorudur. 2004-2011-ci illərdə Bakı Dövlət Universitetində Humanitar məsələlər üzrə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən AMEA-nın müxbir üzvüdür.

Vaqif İbrahimov hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. O, irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. Həmçinin irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Alim tərəfindən irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir.

Onun tərəfindən Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurulmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapılmışdır. Bu üsulların Volter tipli inteqral tənliklərin həllində yeni istiqamət olduğunu nəzərə alaraq, o, çoxaddımlı və hibrid üsulların kəsişməsində yerləşən üsullar qurmuş və bu üsulları Volter tipli inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiq etmişdir. Alim xüsusi test tənliklərinin köməyi ilə Volter tipli inteqral və inteqro-diferensial tənliklərin həlli üçün geniş dayanıqlıq oblastına malik üsullar qurmuşdur. Həmçinin alim asimmetrik üsullar qurmuş və onları simmetrik sərhədli Volter tipli inteqral tənliklərin həllinə tətbiq etmişdir. Daha yüksək dəqiqliyə və genişlənmiş dayanıqlıq oblastına malik, dayanıqlı üsulların qurulması və onların ADT-in,Volter tipli inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqi məqsədi ilə V.İbrahimov hibrid üsullardan və irəliyə qaçma üsullarından istifadə etmişdir.

O, bir sıra beynəlxalq konfransların təşkilat komitəsinin üzvü olmuşdur.

Tədqiqat sahəsi aşkar, qeyri-aşkar, hibrid və irəliyə qaçma üsullarının tədqiqi və onların adi diferensial və Volter tipli inteqro-diferensial tənliklər ücün Koşi məsələsinin və Volter tipli inteqral tənliklərin həllinə tətbiqləri, çoxaddımlı, çoxtörəməli üsulların dəqiqlik dərəcələrinin ən böyük qiymətlərinin tapılması və həmin üsulun dayanıqlıq formasından asılı olaraq dəqiqlik dərəcəsinin təyinindən ibarətdir.

Alim 173 elmi işin müəllifidir. Əsərlərinin 100-dən çoxu xaricdə dərc olunmuşdur.

V.İbrahimov Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və UNESCO üzrə Azərbaycan Respulikasının Milli Komissiyasının diplomuna layiq görülmüşdür. 2020-2023-cü illərdə Elmin İnkişaf Fondu tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olmuşdur.

AMEA-nın müxbir üzvü Vaqif İbrahimovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: