AMEA-nın Neft və Qaz İnstitutunun baş və icraçı direktoru “Xəzər Dialoqu-2022” beynəlxalq assambleyasının iclasında iştirak ediblər.
“Xəzər Dialoqu-2022” beynəlxalq assambleyasının iclası 11 may 2022-ci ildə Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin nəzdindəki GlavUpDK mədəniyyət mərkəzində keçirilib.
İclasda “Xəzəri xilas et” beynəlxalq konfransında Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Hollandiyadan beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, ekoloji təşkilatların, şirkətlərin və KİV-lərin 60-dan çox nümayəndəsi çıxış edib. Assambleyanın iclasında Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və icraçı direktor, g.-.m.e.d., prof. Vaqif Qurbanov onlayn formatda iştirak ediblər.
Akademik Fəxrəddin Qədirov və g.-.m.e.d., professor Vaqif Qurbanov “Xəzər regionunun geodinamik təhlükəsinin monitorinqi: perspektivlər və birgə tədqiqatların əlaqələndirilməsi” mövzusunda çıxış ediblər. Akademik Fəxrəddin Qədirov məruzəsində Rusiya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinın uzun illərdir ki, imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində bu problemlər üzərində uğurla işlədiyindən bəhs edib. Son onilliklər ərzində geodeziya və GPS üsulları ilə külli miqdarda yeni məlumatlar əldə edilib ki, bu da Xəzər dənizinin qərb sahilində (Rusiya, Azərbaycan) və cənubda yer qabığının müasir hərəkətlərinin və geoloji təhlükələrin təbiəti haqqında yeni təsəvvür yaradıb. Məruzədə qeyd edilib ki, Xəzər dənizinin şərq hissəsində GPS sürətləri ilə bağlı heç bir məlumat yoxdur bu da bizə geodinamik təhlükələr məsələsini tam həll etməyə imkan vermir. Akademik F.Qədirov Xəzər dənizində və ətraf ərazilərdə baş verəcək təhlükəli təbiət hadisələrinin geniş tədqiq edilməsinin Xəzəryanı dövlətlərin birlikdə aparacağı monitorinq və tədqiqatlarla mümkün ola biləcəyini qeyd edib. Bu məqsədlə Xəzəryanı dövlətlərin Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan alimlərinin geodinamik tədqiqat konsorsiumunun yaradılmasını təklif edib. Xəzər regionu ölkələri arasında elmi informasiya və nəşrlərin mübadiləsinin, eləcə də birgə elmi konfransların keçirilməsinin gələcəkdə də davam etdirilməsi vacibliyi qeyd olunub. F.Qədirov konsorsium çərçivəsində tədqiqatların aparılmasının Xəzər regionunda təbii təhlükələrin qiymətləndirilməsində geniş imkan yaradacağını da xüsusi vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.