AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, bu əlamətdar günün qeyd olunması internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda, rəqəmsal bərabərsizliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərmək, İKT-nin inkişafı problemlərinə diqqəti artırmaq məqsədi daşıyır.
“1865-ci ilin may ayının 17-də Parisdə həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartların müəyyən edilməsi məqsədilə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulub və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılıb. 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına mayın 17-nin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul olunub. BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib”, - deyən akademik bu tarixin önəmini vurğulayıb.
İnstitutun baş direktoru qeyd edib ki, 2000-ci ilin sentyabr ayında BMT-də keçirilən Minilliyin Sammitində informasiya cəmiyyəti ideologiyasının bərqərar olduğu və dünya ölkələri tərəfindən bu istiqamətdə zəruri addımlar atılmasının vacibliyi bildirilib. Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış, İKT-nin insan həyatının müxtəlif sahələrində, xüsusən dövlət hakimiyyəti orqanlarının fəaliyyətində geniş tətbiqini nəzərdə tutan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” 2003-cü ildə təsdiq edilib. Beləliklə, ölkəmizdə Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində informasiya cəmiyyəti ilə bağlı geniş sferaları əhatə edən məqsədyönlü fəaliyyətə başlanılıb, elektron dövlət, elektron təhsil, elektron elm və digər yeni təşəbbüslər irəli sürülüb.
Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlərin təşkil olunduğunu diqqətə çatdıran akademik cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün “Yaşlı insanlar üçün rəqəmsal texnologiyalar və sağlam yaşlanma” mövzusuna həsr olunduğunu vurğulayıb. R.Əliquliyev ölkəmizdə yaşlı insanların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələrdən söz açaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi və BMT-nin Əhali Fondunun maliyyə və təşkilati dəstəyi ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı beynəlxalq layihənin icrasına başlanıldığını bildirib.
AMEA-nın vitse-prezidenti akademiyada da informasiya texnologiyalarının inkişafı, İKT-nin cəmiyyətdə rolu, rəqəmsal transformasiya məsələlərinə hər zaman xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb. Elmi qurumda müəyyən qrant layihələri çərçivəsində İKT-nin elmi-nəzəri əsaslarının araşdırılması, onun tətbiqi, süni intellekt texnologiyalarının elmi fəaliyyətə geniş tətbiqi ilə bağlı müxtəlif dövlət proqramlarının həyata keçirildiyini söyləyib.
Seminarda “Yaşlı insanlar üçün rəqəmsal texnologiyalardan istifadənin üstünlükləri və riskləri”, “Industry 4.0 və yaşlı insanların məşğulluğu məsələləri”, “Sənaye 4.0 dövründə kiberfiziki sistemlər yaşlı insanların xidmətində”, “Sənaye 4.0 dövründə kiberfiziki sistemlər yaşlı insanların xidmətində”, “Yaşlı insanların rəqəmsal əkizi: konseptual əsasları, mövcud vəziyyəti, riskləri və gələcək perspektivləri”, “İnsanın rəqəmsal əkizləri: perspektivlər və problemlər” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.