Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.05.2022 16:15
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün ölkəmizdə də geniş miqyasda qeyd olunur, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.

Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinin təşkilinə daim dövlət qayğısı olub. Ümummilli Lider Heydər Əliyev hər zaman mədəniyyət ocaqlarına, ədəbiyyata, incəsənətə böyük önəm verib, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirib.

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialında “Açıq qapı” günü təşkil edilib.

“Açıq qapı” günündə Kürdəmir rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəssisələrindən çoxlu sayda ziyarətçilər muzeyi ziyarət edərək zəngin ekspozisiya ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, qonaqlar regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış olublar.

Bu gün muzeyi ziyarət edənlər arasında Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da olub. O,  Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını və ziyarətçiləri təbrik edib, ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldığını bildirib.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə məlumat verilib, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış olublar.

Həmçinin ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirib, rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompozisiyalar qonaqların marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: