Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2022 14:34
  • A-
  • A
  • A+

BDU-nun tələbələrinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi başa çatıb

BDU-nun tələbələrinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya” ixtisası üzrə IV kurs tələbələrinin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  tədris-istehsalat təcrübəsi başa çatıb.

Bununla əlaqədar təcrübə keçən bir qrup tələbəni qəbul edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki,  bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Onun sözlərinə görə, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmlə təhsilin inteqrasiyası istiqamətində bir sıra ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edir. Belə ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə magistr hazırlığı yerinə yetirilir, bakalavr tələbələrin və SABAH qruplarının təcrübə keçməsi təmin olunur. Akademik qeyd edib ki, bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, o cümlədən gənclərin elmə cəlb edilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tələbələrə və magistrantlara çatdırılması AMEA-nın qarşısında duran mühüm vəzifələrdən biridir.

Sonda akademik tələbələrə uğurlar arzulayıb və təcrübə müddətində fəallıq göstərən bir qrup gəncə sertifikat təqdim edib. Tələbələr onlara yaradılan hərtərəfli şəraitə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, sözügedən ali məktəbin 150-ə yaxın tələbəsi ayrı-ayrı qruplar şəklində üç ay müddətində institutda təcrübə keçiblər. Təcrübə müddətində tələbələr müəssisənin laboratoriyalarında son illərdə alınan cihaz və avadanlıqların iş prinsipləri ilə tanış olub, müasir fiziki-kimyəvi tədqiqat üsulları haqqında ətraflı məlumat alıblar. Eyni zamanda laboratoriyalarda prioritet istiqamətlər, o cümlədən kinetika və kataliz, materialşünaslıq, korroziya sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar. Bəzi laboratoriya təcrübələrinin aparılmasında və alınan nəticələrin müzakirəsi prosesində tələbələr yaxından iştirak ediblər. Qeyd olunmalıdır ki, artıq bir neçə ildir Bakı Dövlət Universitetinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə əldə etdiyi razılaşmaya uyğun olaraq Kimya fakültəsinin tələbələri institutda təcrübə keçirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: