Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2022 17:39
  • A-
  • A
  • A+

Hüseyn Cavidin həbsindən 85 il ötür

Hüseyn Cavidin həbsindən 85 il ötür

AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həbs olunmasının 85 illiyi münasibətilə elmi sessiya keçirilib.

Elmi sessiyanı muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O, öz məruzəsində bildirib ki, 1937-ci il Azərbaycanın bir çox vətənpərvər övladlarının taleyində olduğu kimi, Hüseyn Cavidin həyatına da qara möhür vurdu. Həmin il iyun ayının 3-də Cavidə qarşı millətçi ittihamı irəli sürüldü, növbəti gün gecə saat 12 radələrində Cavidlərin yaşadığı mənzilin qapısı da döyüldü. O məşum gecədə Azərbaycan ədəbiyyatı sağalmaz zərbə aldı. Belə ki, həmin gecə Hüseyn Cavidlə yanaşı, Əhməd Cavad, Seyid Hüseyn, Mikayıl Müşfiq həbs edildi. 4 iyun gecəsi həbs olunan Hüseyn Cavid tam 2 il müddətində Keşlə və Bayıl həbsxanalarında ağır şəraitdə saxlanıldı. Şair 1939-cu ilin 4 iyulunda anti-sovet təbliğatında iştirakına görə 8 il həbs cəzası alaraq Sibirə sürgün edildi. O, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki Əlillər evində dünyasını dəyişdi və orada torpağa tapşırıldı.

Alim onu da vurğulayıb ki, yalnız 41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə vətənə qaytarıldı və xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Onun əsərləri yenidən nəşr edildi, ev muzeyi yaradıldı.

Şairin ömür-gün yoldaşı Mişkinaz xanımın 1937-ci ildə İ.Stalinə yazdığı üsyan dolu məktubunu xatırladan Gülbəniz Babaxanlı bildirib ki, məktubun müəllifi Azərbaycan Şekspiri adlandırılan Cavidin xalq düşməni kimi damğalanmasına etiraz edirdi.

Daha sonra muzey əməkdaşları sessiya iştirakçılarını Cavidin həbs olunduğu gecəni xatırladan eksponatlarla tanış ediblər.

Qeyd edək ki, sessiya Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: