Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2022 14:29
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun YAP Ərazi partiya təşkilatının, institutun Qadınlar Şurasının və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib.

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1993-cü ilin iyun ayında müstəqil Azərbaycanın rəhbərliyinə yenidən qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını aldığını bildirib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın müasir Azərbaycan tarixində oynadığı mühüm roldan bəhs edərək, Azərbaycanın mövcudluğunun, müstəqilliyinin təhlükə altında olduğu bir zamanda Ulu Öndərin hakimiyyətə yenidən qayıdışının Azərbaycanın böyük təhlükələrdən xilasına, stabilliyə, əmin-amanlığa açdığı yol olduğunu diqqətə çatdırıb. O, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixindəki dərin mahiyyətinin gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun YAP Ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov isə çıxışında Qurtuluş Gününün mahiyyətindən irəli gələn vəzifələrin tərkib hissəsi kimi bu zəngin irsin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasında və gəncliyimizə verdiyi töhfədə ictimai təşkilatların rolunu qeyd edib. O, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün institutun beş əməkdaşının müraciətlərini YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin və partiya üzvlərinin diqqətinə çatdırıb.

Daha sonra namizədlərin yekdilliklə partiya sıralarına qəbul olunması dəstəklənib.

Tədbirdə, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təzəgül Qasımovanın “Vətən müharibəsi güclü siyasi təcrübənin və strateji hədəfin qələbəsi kimi”, elmi işçi Xanımağa İsmayılovanın “Milli birlik: Qurtuluşdan Zəfərə çatan yolda Azərbaycan qadını”, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Humay İsayevanın “Vətən müharibəsindəki qələbənin gənclərimizin vətənpərvərlik tərbiyəsi işində əhəmiyyəti” və elmi işçi Vüsalə Gülmalıyevanın “Humanizm və nəciblik nümunəsi sayılan qadın” mövzusunda məruzələri dinlənilib.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov və digər çıxış edənlər Ulu Öndərin qayıdışının Azərbaycanı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini, onun yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, hüquqi, demokratik və dünyəvi dövlətin formalaşdığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: