Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2022 11:09
  • A-
  • A
  • A+

“Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda müzakirələr aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İnstitutun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin elmi işçisi Minarə Ağayeva “Azərbaycanda həyat keyfiyyəti - 2020: inklüziv inkişafa doğru” mövzusunda aparılmış tədiqaqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, bu tədqiqat Azərbaycanda iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqini ölçür, ölkənin 13 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 73 respublika tabeli şəhəri və  inzibati rayonları əhatə edir. Onun sözlərinə görə, Bakı şəhəri inkişaf səviyyəsinə və əhalisinin həyat keyfiyyətinə görə ölkənin digər bölgələrindən fərqləndiyi üçün araşdırmaya daxil edilməyib.

Həyat Keyfiyyəti İndeksinin (HKİ) hesablanma metodologiyası barədə geniş məlumat verən M.Ağayeva vurğulayıb ki, indeks 36 göstərici əsasında 7 sub-indeksdə qruplaşdırılıb: Maddi rifah sub-indeksi (MR), Sağlamlıq sub-indeksi (SL), Təhsil sub-indeksi (TS), Təhlükəsizlik sub-indeksi (AM), Ailə möhkəmliyi sub-indeksi (AM),  Ekologiya sub-indeksi (EKO) və Asudə vaxt imkanları sub-indeksi (AVİ). Həyat Keyfiyyəti İndeksini formalaşdıran sub-indekslərə və bunların alt-indekslərinə çəki vermək məqsədi ilə keçirilmiş sorğuda yaradıcı heyətin üzvlərindən başqa 13 tanınmış ekspert də iştirak edib. Bu indeks rayon və şəhərlər üzrə həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələridir və qiymətləndirmələr müəssisənin mütəxəssisləri tərəfindən hazırlanmış HKİ əsasında aparılıb.

Hər bir sub-indeks üzrə rayonlar üzrə aparılmış qiymətləndirmələrin nəticələrini geniş şəkildə təqdim edən Minarə Ağayeva qeyd edib ki, dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu göstəricilərdən istifadə edir, yaradıcı heyət bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır. Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.

Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: