Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2022 10:37
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib

Folklor İnstitutunda “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib

İyunun 21-də AMEA-nın Folklor İnstitutunda Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə “Qarabağın qadın aşıq və şairləri” mövzusunda elmi konfrans keçirilib.

Konfransda çıxış edən müəssisənin baş direktoru, akademik Muxtar İmanov Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin respublika səviyyəsində qeyd olunduğunu xatırladıb. Akademik bildirib ki, Xurşidbanu Natəvan Şuşanın sənət rəmzlərindən biridir və onun yubileyinin qeyd olunması həm mədəni, həm də ictimai-siyasi əhəmiyyət daşıyır.

M.İmanov çıxışında vurğulayıb ki, Xurşidbanu Natəvan Qarabağda Xan qızı adı ilə tanınmış yeganə insandır. Şəxsi planda başına nə qədər böyük müsibətlər, faciələr gəlsə də, böyük dəyanət və mətanətlə bütün çətinliklərə sinə gərib, qətiyyən sınmayıb, həm bədii yaradıcılıq sahəsində, həm də Şuşamızın dirçəlməsi, onun mədəniyyət mərkəzinə çevrilməsi yolunda hədsiz dərəcədə böyük işlər görüb. Ədəbiyyatımızda Füzuli ənənələrini davam etdirən Natəvan qüdrətli bir sənətkar kimi tanınmaqla bərabər, həm də Azərbaycan xeyriyyəçilik mədəniyyəti tarixində xüsusi seçilən, ad-san qazanan görkəmli ictimai xadim olub.

İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Xurşidbanu Natəvanın qəzəllərində klassik və müasir ənənələr” mövzusunda məruzə edib. O bildirib ki, Xurşidbanu Natəvan ədəbi fəaliyyətə XIX əsrin 50-ci illərindən başlayıb, ana dili ilə yanaşı, fars dilində də dərin məzmunlu qəzəllər yazıb. Şeir yaradıcılığının ilk illərində “Xurşud” imzası ilə yazdığı örnəklərin əksəriyyəti itmişdir.

Məruzəçi Natəvanın lirik irsinə aid nümunələrdə qəzəllərin xüsusilə diqqət çəkdiyini, müxtəlif mövzuları əhatə edən qəzəl yaradıcılığının dərin məzmunu və rəvanlığı ilə könülləri oxşadığını diqqətə çatdırıb. L.Məmmədova çıxışının sonunda Füzulidə olduğu kimi, Natəvan lirikasında da sevinclə kədərin birləşərək vəhdət yaratdığını bildirib, Füzuli ədəbi məktəbinin layiqli davamçılarından olsa da, Natəvanın heç vaxt təqlidçilik etmədiyini, daim yeniliyə can atdığını qeyd edib.

Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova “Qarabağın qadın şairləri poeziya və siyasət müstəvisində” mövzusunda çıxış edərək bildirib ki, XIX əsrdə Qarabağ xanlığı bütövlükdə Azərbaycanın taleyini həll edən müxtəlif siyasi-ictimai proseslərin mürəkkəbliyi şəraitində öz mədəniyyətinin, xüsusilə ədəbiyyatının ən zəngin dövrünü yaşayıb. Tarixin gedişatı Qarabağ xanlığını siyasi baxımdan mürəkkəb hadisələrin çevrəsində saxlasa da, Azərbaycan mədəniyyəti özünün yüksək inkişaf təmayüllərini davam etdirib, mədəni əlaqələrini genişləndirib. Şuşada bu dövrdə Şərq və Qərb musiqi ənənələrini araşdıran Mir Möhsün Nəvvab, xanəndələrdən Hacı Hüsü Niftalı, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, tarzən Sadıqcan və başqaları fəaliyyət göstərib. Şuşada ilk dəfə olaraq yeni tipli məktəbin açılması, ilk şəhər məktəbi, qadın ibtidai məktəblərinin yaradılması və s. Qarabağın mədəni inkişafının göstəricisi olub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı “Qarabağ qadın aşıqlarının tədqiqi tarixindən” mövzusunda məruzə edib. Qeyd edib ki, Azərbaycan aşıq sənətinin tarixi mənzərəsində müəyyən yer almış mühitlərdən biri, sözsüz ki, Qarabağ aşıq mühitidir. Tarixi taleyi baxımından Naxçıvan və Dərbənd aşıq mühitlərinə bənzərliyi söylənilən Qarabağ aşıq mühiti Qurbani, Lələ, Valeh, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri kimi nüfuzlu saz-söz ustaları ilə öyünə bilər. Regionun Beyləqan ərazisində “Aşıqlı” adlı kəndin mövcudluğu aşıqlığın burada toponim səviyyəsinə yüksəldiyinə nümunədir. S.Abbaslı çıxışı zamanı Əliabbas Müznib, Hənəfi Zeynallı, Əzizə Cəfərzadə yaradıcılığında XIX əsr Qarabağ aşıq mühitinin görkəmli nümayəndələrindən biri, gənc yaşlarından aşıq şeirinə bağlanmış Aşıq Pəri irsinə münasibətdən bəhs edib, eləcə də sonrakı dövr Qarabağ aşıq sənətinin qadın sənətkarları Aşıq Bəsti və Nübar Mədətlinin də yaradıcılıqlarına toxunub. Məruzəçi sonda bildirib ki, bu gün də klassik ənənədən qaynaqlanan müasir dövr Qarabağ aşıq mühiti bir sıra saz və söz xiridarlarının çiyinlərində əminliklə daşınır.

Konfrans işini dosent Atif İslamzadənin sədrliyi ilə bölmədə davam etdirib. Bölmə iclasında “Xurşidbanu Natəvanın yaradıcılığında ictimai-fəlsəfi məsələlər”, “XIX əsrdə Qarabağ ədəbi mühitində yetişən üç qadın sənətkar”, “Qarabağın ilk qüdrətli qadın aşığı – Aşıq Pəri Maralyanlı”, “Şuşa poeziya məktəbinin görkəmli nümayəndəsi- Fatma Xanım Kəminə”, “XIX əsr Qarabağ ədəbi mühitinin aparıcı qadın nümayəndələri” və “Xurşidbanu Natəvan poeziyasında vahid Allah inancı (folklor və yazılı ədəbiyyat konteksti)” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: