Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2022 15:16
  • A-
  • A
  • A+

Abşeron yarımadasının göllərinə həsr olunan ümumrespublika elmi seminarı keçirilib

Abşeron yarımadasının göllərinə həsr olunan ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı  direktoru, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, son 150 ildə yarımada göllərinin çoxu müxtəlif dərəcəli antropogen yüklənməyə məruz qalıb və bu baxımdan onların hazırki durumu maraq doğurur.

Sonra institutun Geoekologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Abşeron yarımadası göllərinin müasir morfometrik kəmiyyətləri və onların zamanla dəyişmə istiqamətlərinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ölkəmizdə göllərin ən çox cəmləndiyi məkanlardan biri də Abşeron yarımadasıdır. 2020-2022-ci illərə aid kosmik təsvirlər və xəritə məlumatlarına əsasən müəyyənləşdirilib ki, yarımadada  sahəsi 0,5 hektardan (≥5000m2) çox olan 112 göl mövcuddur və onların su səthinin cəm sahəsi 57 km2-dir. Göllər yarımada sahəsinin 2,85%-ni əhatə edir, bu göstərici respublikamız üçün 0,35%, dünya üçün 1,8%-dir. Bəzi çökəkliklərdə şor sulu yeraltı suların səthə çıxması ilə yüksək dərəcədə minerallaşmış göllərin formalaşmasına şərait yaranıb. Beləliklə, onları iki qrup daxilində birləşdirmək olar: təbii vəziyyətdə inkişaf edənlər və ekoloji tarazlığı texnogenezlə pozulmuşlar.

V.Məmmədov Böyükşor, Ramana, Binəqədi, Zığ, Daşaqıl, Lökbatan, Zabrat, Xocahəsən, Bülbülə, Qala və digər məkanlardakı göllərin morfometrik parametrləri, su kütləsi, dib çöküntülərinin fiziki-kimyəvi xassələri, suyun minerallaşma dərəcəsi, bioaktiv palçıq texnogenezi və s. xüsusiyyətlərini seminar iştirakçılarına çatdırıb, onların çoxsaylı suallarını cavablandırıb.

Təqdimat ətrafında səslənən çıxışlarda məruzə yüksək qiymətləndirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: