İyunun 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidzenin “Afrikadan ilk insanlar. Qafqazdan baxış” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin, Təbiət Tarixi Muzeyinin, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbiri mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva açaraq qonağı iştirakçılara təqdim edib.
Daha sonra Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidzenin “Afrikadan ilk insanlar. Qafqazdan baxış” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, məruzənin mövzusu bəşəriyyət üçün çox vacib və maraqlıdır və elə bu baxımdan da Qafqaz hər zaman tədqiq olunma mərkəzində dayanmağa layiqdir. Onun sözlərinə görə, “Qafqaz irqi” termini ilk dəfə XVIII əsrdə alman alimi F.Blumenbax tərəfindən təklif edilib: “Qafqazın tarixinə və insanın yaranma tarixinə nəzər salsaq, ilk növbədə bir Zaqafqaziyanın 2 dəniz - Qara dəniz və Xəzər dənizi arasında yerləşdiyinin şahidi olarıq. Və bu gün biz 2 fərqli qitənin kəsişməsində və fərqli təbiət iqlimlərində yaşadığımızın fərqinə varırıq. Elə buradan da bu fərqlilik biomüxtəliflilik terminini ortaya çıxarır. Dünyanın bir çox coğrafi ərazilərindəki biomüxtəliflikdən fərqli olaraq, yalnız Qafqazda təkamül prosesini öyrənmək mümkündür. Biomüxtəlifliyin inkişafı üçün bioloji insanın onunla sıx bağlı olan qrupun tarixini öyrənmək tədqiqatlarımızım ən vacib mərhələsi sayılır. Bildiyimiz kimi, elmdə elə suallar vardır ki, cavabı bütün insanlığı maraqlandırır və bu suallar bu gün bəşəriyyət tarixinin öyrənilməsində əsas meyarlardan biridir. Düşünürəm ki, Qafqazın tarixinin öyrənilməsi və tədqiqi də məhz belə vacib məsələlərdən biridir. Və tədqiqatlarımız nəticəsində əldə etdiyimiz tapıntılar əcdadlarımızın hansı təbii iqlim şəraitində yaşadıqlarını bizlərə əyani sübut edir”.
David Lordkipanidze 1983-ci ildə Gürcüstanın Dmanisi şəhərində bir qrup tədqiqatçı alimin apardığı sistemli arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan 1,8 milyon il əvvəl yaşamış kərgədanın tamamilə fərqli quruluşa malik olduğunu deyib və tapılan sümüklərin onun hansı bioloji təkamül prosesi keçdiyini öyrənməyə kömək etdiyini bildirib. Alim, həmçinin Azərbaycan ərazisində də qədim tarixə malik kərgədan sümüyünün - “Binəqədi kərgədanı”nın aşkarlandığını xatırladıb.
D.Lordkipanidze, həmçinin Dmanisidə onun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı aşkarlanan “Dmanisi kəllə sümükləri” və hominləri barədə məlumat verib.
Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva məruzəyə görə qonağa minnətdarlığını bildirib, birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.