Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2022 17:11
  • A-
  • A
  • A+

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda aparılan dünya səviyyəli tədqiqatların mühüm nəticələri təqdim olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda aparılan dünya səviyyəli tədqiqatların mühüm nəticələri təqdim olunub

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində dünya səviyyəsində aparılan müştərək elmi tədqiqatların əsas nəticələrinə həsr olunan seminar keçirilib.

“Qlobal xətəliklərə qarşı enzim-izoenzim inhibitorların yaradılması” mövzusunda təqdimatla çıxış edən institutun icraçı direktoru, tədqiqat qrupunun Azərbaycan tərəfindən koordinatoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, son illər kimya, fizika, biologiya və tibbin bir-biri ilə əlaqəli sahələrində səmərəliliyin artırılması üçün multidissiplinar (fənlərarası) tədqiqatlara geniş yer verilir: “ Belə məsələlərə kompleks elmi yanaşma tələb olunur və görünən odur ki, XXI əsrin ən uğurlu elmi nəticələri – ixtira və kəşfləri də, məhz biokimya, farmakologiya, klinik kimya və sair elmlərin qovuşduğu tədqiqatlarda əldə olunur. Əgər hər il kimya, fizika, fiziologiya və tibb elmləri üzrə Nobel mükafatına layiq görülən dünya alimlərinin elmi işlərinə nəzər yetirsək, görərik ki, onlar da bu və ya digər formada ayrı-ayrı fənlərin qovuşduğu sahələrə aiddir. Elə amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə dünya elminin ən ali mükafatı ilə dəyərləndirilən türk əsilli Əziz Səncərin elmi kəşfi kimya elmi üzrə rəsmiləşsə də, əslində dünya elminə verilən həmin töhfədə kimya, fiziologiya və tibbin ortaq elementlərini görə bilirik”.

O bildirib ki, ən mühüm elmi nailiyyətlərdə multidissiplinar tədqiqatların rolunu nəzərə alan Aşqarlar Kimyası İnstitutunun alimləri hələ illər öncə bu elmi tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardıqları tədqiqatlar nəticəsində  müəyyən ediblər ki, sintez etdikləri biosid aşqarlar neft məhsullarını mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) fəallıq göstərir. Hətta onlardan bir neçəsi sənaye və tibbdə uğurla tətbiq olunub. yaradılması və tədqiqi istiqamətində dünyanın bir çox aparıcı ölkələrin nüfuzlu elmi mərkəzləri ilə beynəlxalq tədqiqat qrupu yaradılıb və tibbin, kimyanın aktual mövzularında müştərək tədqiqatlar aparılmaqdadır: “İndiyə qədər Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, karbon anhidrat I və II izoenzimləri üzərində inhibitor təsirləri tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr qlobal xarakter alan xəstəliklərdən bədxassəli şiş (xərçəng), şəkərli diabet, qlaukoma, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) xəstəliyinə səbəb olan pataloji proseslərə potensial dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.

Ə.Sucayev ABŞ, Portuqaliya, Türkiyə, İtaliya, Rusiya, Belarus və sair ölkələrin ayrı-ayrı elm mərkəzləri ilə aparılan birgə tədqiqatlarda əldə olunan mühüm elmi nəticələr, onların dərc olunduğu nüfuzlu jurnallar, həmin elmi nəticələrə dünya alimlərinin göstərdiyi maraq haqqında ətraflı məlumat verib, qarşıda dayanan hədəfləri sadalayıb.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: