İyunun 10-da AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi” mövzusunda elmi konfrans keçirilib.
Konfransda bu elmi müəssisə ilə yanaşı, Dilçilik, Memarlıq və İncəsənət institutlarının da əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli B.Vahabzadənin həyat və yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb.
Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı Bəxtiyar Vahabzadənin yaradıcılığını öyrənmək zərurətindən danışan AMEA-nın vitse-prezidenti azərbaycançılıq fəlsəfəsinin mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş dahi Bəxtiyar Vahabzadənin də daim yaşayacağını qeyd edib.
Sonra professor Şirindil Alışanlı “Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında Xalq şairi Bəxtiyar Vahabzadə önəmli yer tutur. B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir.
Zamanı qabaqlayan idrak, tarixi həzm edən fəlsəfi düşüncə, milli əxlaq, ali türkçülük qayəsi, ideala sədaqət bir şair-mütəfəkkir kimi onu səciyyələndirən, ona nüfuz gətirən başlıca xüsusiyyətlərdir. Kökləri dahi Füzulidən qaynaqlanan fəlsəfi-intellektual poeziya təmayülünü XX əsrdə yekunlaşdırmaq səadəti ona nəsib olmuşdur.
Tədbirdə professor Sevil Mehdiyevanın “İstiqlal şairi Bəxtiyar Vahabzadə”, filologiya üzrə elmlər doktoru Sara Osmanlının “Bəxtiyar Vahabzadənin ədəbi-estetik görüşləri”, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayevanın “Bəxtiyar Vahabzadə pyeslərinin səhnə təcəssümü” mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir